Page 84 - "Yolüstü söhbət"
P. 84
ARALI QAPI

O nlar tini buruldular. Kişi çamadanı o biri əlinə
alıb, başı ilə işıqlı pəncərəni göstərdi:
– Bu evdi.
Qadın arxasınca gəlirdi. İri əl sumkasını qoluna keçirmişdi,
o biri əlində tor zənbil tutmuşdu.
Kişinin göstərdiyi səmtə baxıb təəccüblə dedi:
– Evdən işıq gəlir ki... Axı açar səndə idi.
Kişi qadına sarı döndü:
– Açarın biri ev yiyəsindədi, bilir ki, bu gün gələcəyik.
Onlar həyətə girdilər. Həyət çox kiçik idi, bir-birinə
bitişən evlərdə üç ailə yaşayırdı.
Kişi çamadanı yerə qoydu, açarı çıxardıb qapını açdı.
Azca aralanmış qapıdan düşən işıq zolağı it kimi onun
ayaqlarına döşəndi.
Kişi çamadanı götürüb içəri keçdi. Otağın ortasına qədər
gedib dayandı, çamadanı yerə qoydu.
– Həə.., necə evdi, xoşuna gəlir? – Zorla gülümsədi.
Qadın hələ də çəkinə-çəkinə qapının ağzında dayanmışdı.
Bayaqkı işıq zolağı üzünün bir tərəfini tutmuşdu. Üzündən
nigarançılıq oxunurdu. Cavab vermədi. Otağa adlayıb aralı
qalmış qapının yanında divara söykəndi.

84
   79   80   81   82   83   84   85   86   87   88   89