Page 303 - "Yolüstü söhbət"
P. 303
na demə. Guya anası bilsə, tutub pulu alacaq. Ancaq o
deməsə də, anasının pul məsələsindən xəbəri var. Üstünü
vurmur, bircə onu deyir ki, çox vermə. Nəyinə lazımdı,
deyir, toya getmir, vaya getmir, çörəyini də burda yeyir.
Doğrudan, heç hara getmir. Necə də getsin. Öz evidi,
onlardı, bir də tuta-tuta gəldiyi divar. Bir səhər yuxudan
duranda sağını, solunu çaşdırıbmış. Deyir, qalxdım yerimdən,
bilmədim başımı ha tərəfdən götürmüşəm.Əlimi atıram
bura ki, stol olmalıdı – yoxdu, qapı bu yanda olmalıdı –
yoxdu. Guya eşiyə getdiyimdi, o biri otağın qapısından
keçmişəm. Yalan olmasın, bir saat vurnuxa-vurnuxa qaldım
evdə... Gör, səni neçə vaxtdı görmürəm, a bala”. Bu sözü
haçan deyib nənəsi ona? Qabaq-qənşər oturmuşdular.
Gözlərində heç bir ifadə yox idi. Harasa yana baxırdı.
Yəqin, istəsə də, adamın gözünün içinə baxa bilməz. Əvvəlcə
söz ona çatmadı: necə yəni görmürəm, hər il gəlirəm ki?!
Birdən yadına düşdü ki, nənəsi görmür. Yadına düşmədi –
hiss elədi, qanınnan, canınnan hiss elədi. Hətta heyrətləndi
də ki, adam, bax beləcə, bir addımlıqda dayana, ancaq
önündəkini görməyə. Öyrəşmək belə şeymiş. Bir gün
ağrıdır, iki gün, üç gün, sonra lazım olmayan bir şey kimi
özündən uzaqlaşdırıb, tamam unudursan. Tamam-kamal.
Demək, nənəsi bilmir o, necə dəyişib. Tək o yox, hamı –
qızı, gəlini, oğlu, nəvələri. Kimi xatırlayırsa, on il əvvəlki
adamı gözünün qabağına gətirir. Nənəsi üçün daha heç
kim qocalmayacaq. Ürəyinə dəyməkdən qorxmasaydı, bir
dəfə soruşardı: kim necədi? Yerişi, duruşu, sir-sifəti. Yəqin,
hamının öz yadından çıxıb on il əvvəl necə göründüyü.
Nənəsi yadlarına salardı. Ancaq elə adamlar var, nənəsi
onları heç cür təsəvvürünə gətirə bilməz. Gülzarın nə
birinci ərini gördü, nə ikinci, uşuqlarını da görmədi.

303
   298   299   300   301   302   303   304   305   306   307   308