Page 284 - "Yolüstü söhbət"
P. 284
azca tək oturar; doğulduğu evin böyründə, görmək
istədiyi adamların beş addımlığında. Özü də həmin an
bilirsən ki, indicə onlarla görüşəcəksən, bunu bilə-bilə də
yerindən tərpənmirsən. Çünki beləcə dayanmaq xoşdu,
çünki həmin an heç kimdən narahatçılığın yoxdu... Bəlkə
indi evdəkilər də yatmayıb. Ancaq yatmayıb neyləyəsidilər?
Nə qədər diz-dizə oturub bir-birinin üzünə baxmaq olar.
Görən, özlərinədəmi həyatları cansıxıcı görünür, yoxsa ona
belə gəlir?.. Hiss elədi ki, getdiyinə, evdəkilərlə görüşəcəyinə
daha sevinə bilmir. Bayaqdan bəri içində olduğu sevinc
qəfilcə yoxa çıxmışdı, onun yerini biganəlik, soyuq bir
laqeydlik tutmuşdu. Fikirləşdi ki, tamam başqa bir şey
haqda düşünsün, xoş bir şey haqda, əgər ona da sevinə
bilməsə, demək, sadəcə, kefi yoxdu, yorulub. Onda heç nə
haqda fikirləşməz, çalışar hər şeyi unudub yatsın... İndi
bağ-bağatın yaxşı vaxtıdı. Getdiyinə görə mer-meyvəni də
yığmağa kömək eləyər. Bu il almanın ilidi, yığıb-yığışdıra
bilməyəcəklər. Nahaq yerə belə çox alma ağacı əkiblər.
Nar ondan xeyirlidi. Yadına düşsə, evdə deyər, qoy yazda
almaların dibinə nar şitili basdırsınlar. Nar tutanda almaları
kəsərlər. Bircə qırmızı xallı almanı saxlayarlar. Ona alma
çatmaz, həm şirin, həm ətirli. Heyif, tez qurdlayır, qışa
qalmır. Ancaq, onsuz da, qışa meyvə saxlayammırlar. Qışa
onların şirəsi, mürəbbəsi qalır. Bayramdan-bayrama,
qonaqlıqdan-qonaqlığa ye, iç, kef elə. Bir vaxt evlərinə
qonaq gəlməyinə çox sevinərdi. Ola bilsin təkcə o vaxtlar
evdə şənlik olduğuna görə, növbənöv, ləzzətli yeməklər
bişirildiyinə görə xoşlayırdı. Hələ də “bayram” deyəndə,
gözünün önünə bol işıqlı otaqlar, hay-küy, dəmə qoyulmuş
plov, gülən, sevinən adamlar gəlir. Di gəl, böyüdükcə
həmin sevinci yadırğayıb. İndi bayramlar ona qüssə gətirir.

284
   279   280   281   282   283   284   285   286   287   288   289