Page 289 - "Yolüstü söhbət"
P. 289
yoxdu, bu saat heç kim yaşamır. Bürküdə özünə yer
tapmayan toyuqlara yazığı gəlir. Sonra bildi ki, günorta
hamı yatmırmış. Sonra toyuqlara da yazığı gəlmədi. Onda
daha böyümüşdü... Yağışsız, küləksiz yay axşamlarını,
ağacların barlı sükutunu o, həmişə xoşlayıb. Gecənin bir
vaxtı durub bayıra boylanırsan; ulduzlu, aylı göy üzünə,
nəfəsini içinə çəkmiş qaranlığa... nəsə ürəyini titrədir, hiss
eləyirsən ki, heç nə donub qalmayıb, hər şey canlıdı,
yaşayır... amma sən dərk eləyə bilmədiyin kimi. Adam hər
şeyi dərk eləsə, yəqin, həyat mənasını, gözəlliyini də itirər.
Bu qız kimdi? Nə qəşəngdi. Gözlərinə baxmağa çəkinir.
Kimdi görən? Bu qüssə hardandı? Lənət şeytana, hər şey
bir-birinə qarışdı. Lənət şeytana...

Şaraqqıltıya başını qaldırdı. Üstünə mələfə atmışdılar,
amma ona elə gəlirdi ki, heç yatmayıb. Qatar bir-iki dəfə
də dartınıb yavaş-yavaş tərpəndi. Vağzal binası
görünmədiyindən boylansa da, hansı dayanacağı keçdiklərini
bilmədi. İki nəfər tez-tez danışa-danışa pəncərənin
qabağından ötdü. Sonra kimsə bərkdən fıştırıq çaldı. Bu
səslər özündən sonra narahat bir boşluq qoydu. O, elə bil
indi başa düşdü ki, doğrudan da, yola çıxıb, işini-gücünü
atıb bu tər qoxuyan havasız vaqonda Düzyurda gedir.
Yenə bu fikir ona sevinc gətirmədi. Ancaq sevinə bilmədiyinə
görə indi ikiüzlülük edən adam kimi özü özündən utandı.
Gözünü yumdu ki, heç nə haqda düşünməyib yatsın. Di
gəl, yuxusu gələnə oxşamırdı, deyəsən, bayaq elə həqiqətən
yatıbmış. Görən, gedib bu dəfədəmi Düzyurdda bacısı ilə
rastlaşacaq? Dünyanın işini nə bilmək olar, bəlkə də rastlaşdı.
Onda heç bacısı haqqında düşünmürdü də: qoşulub
qaçmışdı, barışığa da gəlməmişdilər. Bilmirdilər, kimə
qoşulub qaçıb, oğlan kimdi, nəçidi, nə məssəbə qulluq

289
   284   285   286   287   288   289   290   291   292   293   294