Page 291 - "Yolüstü söhbət"
P. 291
qəfilcə, xudahafizləşmədən çıxıb gedirdi. Bakıya nə
üçün gəldiyini soruşmağa macal da tapmırdılar. Axırıncı
dəfə Mahmudu elə Bakıda görmüşdü. Nədənsə, son illərdi
hər şey yaxşı yadında qalır. Ola bilsin, bu yaşdan asılıdı,
yaşın elə dövrüdü ki, daha adi şeylər də yaddan çıxmır.
Uzaqlıq duyumu get-gedə itir, hətta çox-çox əvvəli
xatırlayanda ona elə gəlir bunlar vur-tut dünən olub. Mah-
muddan da elə bil dünən ayrılıb. Onda fevralın əvvəli idi,
quru, şaxtalı havaydı. Restoranda yeyib-içəndən sonra
aparıb onu “Göy göl” mehmanxanasına ötürürdü. Nədənsə,
onda yol boyu ikisi də susmuşdu, ikisi də fikirliydi. Mah-
mudun nə haqda düşündüyünü o bilmirdi, ancaq özü
Mahmud haqda, bacısı haqda fikirləşirdi. Və qəribə idi ki,
bu, ona qüssə gətirirdi. Bəlkə də bu qüssə həmin fikirlərdən
deyildi; ola bilsin, qüssə gətirən kimsəsiz küçələr idi, çıl-
çılpaq qış gecəsi idi? Ola bilsin. Ancaq Mahmudun ondan
ayrılanda dediyi sözlərdə nədənsə kədər varıydı. Gecənin
qaranlığına baxa-baxa gülümsəyib demişdi ki, harasa
getmək istəyir, harasa uzağa, tanımadığı bir yerə. Getdi
də. Ağsu yolunda maşını aşırmışdı... Mahmudla bağlı bir
lövhəni də o, yaxşı xatırlayır. Həmin lövhə indi də gözünün
qabağında idi, elə bil kino lenti kimi donub qalmışdı.
Ancaq qəribəydi ki, həqiqətdə belə bir şey görməmişdi;
alaqaranlıq otağı, divarın bir küncündə yerə domuşub üzü
qaranlıqda zorla seçilən bacısını görməmişdi, anasının səsi
ilə danışan qadının dediklərini eşitməmişdi. Kino lenti
kimi gözünün qabağında donub-qalmış lövhədə anası yox
idi, anasının təkcə səsi vardı. Bu səs duman kimiydi, bacısını
bürüyürdü, bacısı get-gedə kiçilirdi, balacalaşırdı, büzüşüb
yumağa dönürdü. Anası deyirdi ki, uşağı saldır. Deyirdi,
yetimmi saxlayacaqsan, sonra kim baxar üzünə, kimin

291
   286   287   288   289   290   291   292   293   294   295   296