Page 283 - "Yolüstü söhbət"
P. 283
iş eləyirdi, atası isə həmişə təpinirdi ki, yaxşı oxusun,
bizi el içində biabır eləməsin... İmkan düşəndə də arada
Süleymanın özü qaçıb gəlirdi. Anası özgə vaxt beş qəpiyin
üstdə əssə də, Süleymanın gəlib-getməyi üçün pula
qızırğalanmırdı. Hər şeyin təzəsi də Süleymana alınırdı, o,
yaddan çıxmışdı, ona böyük qardaşının köhnə-köşkülü
çatırdı. O isə hətta bir az nimdaş olsa da, Bakıda tikilmiş bu
son modalı pal-paltarı geyinməklə fəxr eləyirdi, qardaşı
hər gələndə gözünü tezcə çamadana dikirdi, ona bu dəfə
nə çatacağını gözləyirdi. Qəribə idi ki, Süleyman da bu
köhnə-köşkülü ona verməyilə fəxr eləyirdi, geyindirib
baxırdı, başını razılıqla tərpədirdi, tərifləyirdi, guya heç öz
əynindən çıxarmamışdı, dükandan təzəcə almışdı. Nədənsə,
Süleymanın gəlişi onun yaddaşında qışla bağlı idi. Yanvar
ayı, bayırda qar, soyuq, bu soyuqda evin adamı
xumarlandıran istisi, pəncərədən görünən qaranlıq, tək-tük
yanan, hamının unudub yatdığı küçə fənərləri... Sonra Sü-
leyman gedib-gəlməyin arasını yavaş-yavaş seyrəltdi, başı
öz iş-gücünə qarışdı. Sonra evdəkilər də yavaş-yavaş ayrılığa
öyrəşdi. Daha onun evdən çıxmağı, instituta girməyi nə
evdəkiləri bir o qədər sevindirdi, nə də Süleymana yazılan
məktublar ona yazıldı. Ancaq həmişə evə gələndə ürəyindən
keçir, onu da Süleymanı gözlədikləri təki gözləyələr, gəlişinə
sevinələr. Başa da düşür ki, bu, heç vaxt olmayacaq, Süleyman
evin ilki idi, onunla da ata-anası hər şeyi dadıb toxtamışdı.

Yerində ehmalca çevrilib, vaqonun pəncərəsindən
qaranlıqda qaçışan işıqlara baxırdı. O, evə çatanda hamı
yatmış olacaq. Gərək pəncərəni döyüb kimisə oyatsın. Bu,
onun üçün həmişə çətin bir işə dönür. Qorxur oyadıb
kimisə sevindirməkdən çox, narahat eləyər. Əgər həyətə
adlaya bilsə, evdəkiləri oyatmaz. Səhərin şehli alatoranında

283
   278   279   280   281   282   283   284   285   286   287   288