Page 148 - "Yolüstü söhbət"
P. 148
– Safuyə...
– Nədi, yenə nə olub?
– Təpəgöz niyə adam yiyiydi?
– Kefi elə istəyirmiş. Sən toyuq yeyirsən, o da adam.
– Bə adam yeməsə, acınnan öyəymiş?
– Bilmirəm. O yana çəkil... Dədən gələndə onnan so-
ruşarsan. Qulağımı lap dəng elədin: “Safuyə, Safuyə...”
Allahın sözünü də düz-əməlli danışammırsan. Bir “r-r-r”
de görüm.
– ...
– Demirsən, demə. Bura bax, tək qalmağa könlün yoxdu,
aparım nənənin yanına. Aparım?.. Dilini udubsan?! Allah,
bu danışmayanda nə yaxşı bala olur, nə gözəl bala olur.
Qoy bir öpüm səni... Oğul balamdı bu mənim, noğul ba-
lamdı bu mənim. Di burnunu sallama... Yaxşı, mən qaçım,
soruşan olsa, denən qonşudadı. Həyətdən heç hara tərpənmə,
birdən qaraçı-zad gələr, yığıb aparar evimizi. Oldumu?..
Bax belə, ağıllı balasan... Gör nə gözəl havadı! Gül gülü
çağırır, bülbül bülbülü... Üşüsən, jaketi geyin əyninə, taxtın
üstündədi, yaz havasınnan zarafat olmaz... Günortaya
qayıdıb gəlirəm. Kibritə əl vurma ha!
Yaz idi, torpağın qırışığı açılmışdı, ağacların sevincdən
çiçəyi çırtlayırdı. Hərdən havalar tutulurdu da, buludlar
günəşin gözündən oğurlanıb iri-iri damcılarla puçurlu bu-
daqları döyəcləyirdi. Buludların doğulduğu göylərdə hələ
istilər düşməmişdi, çünki damcılar sopsoyuq olurdu; bu-
ludların kölgəsi də soyuq olurdu, o kölgənin altında hamı
birdəncə üşüyürdü, qapılar örtülürdü, sobalara yenə odun
atılırdı, bacalardan tüstü burumları çıxırdı. Uşaq onda
inanırdı ki, göyə millənən ipisti tüstü burumu gedib bu-
ludları qızdıracaq, daha bundan sonra isti yağışlar yağacaq,
o da isti gölməçələrdə ayaqyalın gəzəcək...

148
   143   144   145   146   147   148   149   150   151   152   153