Page 37 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 37
Tarey Vesos
Səhər hər şey gözündə özgə qiyafədəydi. Ev dirilmişdi, indi
içindəki səslərlə, az qala, tufan qoparmışdı. İnsanlar ölümün
kölgəsini üstlərindən qovub, yeni günə başlayırdılar. Amma
həmin o qəzavü-qədər hələ də yaddaşlarında yatıb-qalmışdı
və istənilən vaxt oyana bilərdi.
Avtobus gəldi və Nils həmin yerə getmək üçün qalxıb onun
içində oturdu. Dünənki kimi, bu gün də hər tərəfə gün işığı
paylanmışdı, çay hirs-hikkəliydi. Qupquru yolun üstüylə
şütüyən təkərlər tozu ərşə qaldırmışdılar. Vadi o başından bu
başınacan işləyən adamların ixtiyarındaydı. Gərək onlar da
əkinə başlasınlar. Vaxt gözləmir.
Nils sürücüdən soruşdu ki, axşam bu avtobusla tabut
aparmağına icazə verərmi.
– Əlbəttə.
Bu sürücü nələr daşımamışdı.
Atasının meyiti olan yeri Nilsə göstərdilər. Bura qırmızı
kərpicdən tikililəri olan nəhəng bir təsərrüfat idi. Döngəni bu-
rulan kimi Nils gözləriylə ən əvvəl samanlığı axtardı.
Onu sevinclə qarşıladılar. Əgər evdə ölən varsa, ürək
yumşalmalıdı.
– Biz səni gözləyirdik, – ona dedilər.
Diksindi. Hər yerdə onu bu sözlərlə qarşılayırdılar. O, buna 37
görə hamının əlini sıxmaq istəyirdi.
Görən, hadisə necə olub? Heç nəyin üstündə. Atası, çayla
axdıqca bir-birinə ilişən ağac gövdələrinin səmtini düzəldirmiş,
bir gövdə də düz gəlib ona dəyib. Hadisə bu tikilinin yaxın -
lığında baş verib. Ona görə də onu bura gətiriblər.
Nils söhbətə qulaq assa da, fikri özgə yerdəydi. Gör ha,
onu burada gözləyirmişlər. Səni gözləyirdik. Elə belə də dedilər.
Böyüklər hələ bu vaxtacan ona belə söz deməmişdilər. İndi bu
söz Nils üçün müqəddəs yazı kimi bir şey idi.
Kişilərdən biri, görünür, yerin sahibiydi, Nilsdən soruşdu:
– Ona baxmaq istəyirsən? Tabutu aça bilərik.
– Hə, – Nils özündə güc tapıb dilləndi.
Kişi yaşlıydı. Nədənsə Nilsə elə gəldi ki, o kişi tamam
tənhadı.