Page 36 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 36
XX əsrin Norveç hekayələri
– Sən təsadüfən həmin o ölən fəhlənin oğlu deyilsən?
– Oğluyam.
Uşaqlar səksənib künc-bucaqdan gözlərini ona zillədilər.
Onlar hələ çox balacaydılar, bir-birlərinə sığınmışdılar, elə bil
qorxurdular ki, tərpənsələr, sükutu hirsləndirərlər.
– Səni orda gözləyirlər, – ev sahibəsi dedi. Elə bil onunla
hansısa sirrini bölüşdü. Cavab verməyə söz tapmadı. Onu
orada gözləyirlər. Bütün bu təmtəraq ancaq ona görədi.
Gördü ki, sahibə ehtiyatından olan ən ləziz yeməklərini
süfrəyə düzür. Bu cür təmtəraqlı qəbuldan özünü itirdi.
Ürəyindən keçdi desin, bəs zarafat elədim, mən həmin ölənin
oğlu-zadı deyiləm.
Maraqlıdı, görəsən, onda künc-bucaqda gizlənən o uşaqlar
nə edərdi?
Amma ürəyi gəlmədi. Bu, ataya qarşı günah olardı. Sonra
bu naxoş hisslər ötüb-keçdi. Qəflətən donu açıldı. Elə bil çölün
şaxtasından evə girib birbaş özünü sobanın qırağına vermişdi.
Donu açılan kimi hər şeyə yadlaşdı, gözü yumuldu. Bayaqdan
bir zülmlə özündən qovmaq istədikləri də öz-özünə yox oldu.
Bura tox, işıqlı, rahatıydı. Onu süfrə arxasından birbaş qonaq
otağına apardılar. Görünür, yol yorğunu olduğundan, beyni
36 həyəcanla yükləndiyindən hər şey ona belə təmtəraqlı
görünür. Deyəsən, yan-yörəsindən ona zillənən gözlər də
gözünə görünüb.
Səfehlik eləmə! – öz-özünə dedi. Sadəcə mən tamam
çaşmışam. Ümidlərini mənə dikən doğmalarım indi bu
günümü görsəydilər...
Onu otağa ötürüb gecənin xeyrini diləyəndən sonra ev
sahibəsi soruşdu:
– Böyük sənsən?
– Hə.
– Deməli, bütün ağırlığı tək daşımalı olacaqsan.
Belə çıxır, qadın onun gücünə inanırdı. O, qadınla
danışmaq istədi. Amma nə deyəcək? Onsuz da, ürəyinə yığılıb-
qalanların hamısını boşalda bilməyəcəkdi.