Page 32 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 32
XX əsrin Norveç hekayələri
Nils Fet
Atasının ölüm xəbəri gələn həmin o müdhiş dəqiqələri
yaddan çıxarmalıydı. Yan-yörəsindəki ağappaq bənizləri unut -
malıydı. Nəsə qanıb-qandırmayan uşaqların hönkürtüsü. Və
ardınca qəflət sükutu.
Ona dayaq ola bilməyəcək hər şeyi özündən qovurdu. İndi
onun köməyə necə də ehtiyacı vardı. Havalı kimi çıxış yolu
axtarırdı. Çünki on altı yaşlı bu oğlan ailənin böyük övladıydı.
Atasının bəd xəbərini telefonla çatdırdılar: “Təəssüf ki, ölüb.
Onu ağac əzib. Meyitin dalınca gələn olacaqmı? Tələsin!..”
– Nə?.. Hə, hə, gəlirik, – cavab verdi.
Onu telefona çağıran qonşu oğlanın nəfəsi təngiyirdi.
Xəttin o başından gələn səs əsəbiydi. Səs uzaqdan, aşırımların
arxasındakı vadidən gəlirdi. Sözlər də rəhmsiz idi, eşidilən elə
ancaq bu idi ki, bəs o meyit bizə lazım deyil, nə qədər tez gəlib
aparsalar, o qədər yaxşıdı.
– Hə, hə, gələcəyik – dil-dodağı əsə-əsə əlində tutduğu
dəstəyə dedi.
– Eşitmirəm! – səs qulağının içini dəlib-deşdi. – Ucadan
32 danışın! – ardınca zəhmlə əlavə elədi: – Mən heç sizin adınızı
da bilmirəm. Mənimlə danışan kimdi?
– Nils Fet!
Bu sözləri deyəndə Nils qarşısında Feti, qısır torpaqlı bala -
ca evlərini gördü. Hər tərəf gözünə rəngsiz, rəhmsiz, amansız
tərzdə – bu miskinliyin apaydın cizgiləriylə göründü.
Nils evə bəd xəbərlə qayıtdı. Ana özünü əsl kişi kimi
aparırdı.
– Özün getməli olacaqsan, – anası dedi. – Sən daha uşaq
deyilsən.
– Məgər on altı yaş çoxdumu? – dərhal soruşdu.
– Nə mənada?
İzah eləyə bilmədi, amma öz-özlüyündə fikirləşdi: on altı
yaşlı adama hələ böyük demək olmaz.
– Mən evi başlı-başına qoya bilmərəm, – anası sözünə
davam elədi. – Sən bircə əl-üzünü yu, əynini dəyiş, Nils.