Page 257 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 257
Siqbyörn Holmebakk
Siqvalla burada birlikdə olduğu üçün özünü bəxtəvər hiss
edirdi. Qoca arvadın şəhərə saman tayı apardığını eşidəndə
qonşular başını yelləyəcək: “Eh, Birte, Birte…” Bunu xəyalında
canlandırıb gülümsədi.
– Eh, Siqval, Siqval!
– Necə bilirsən, anam öləcək? – oğlanın səsi titrəyirdi.
– Hamımız öləcəyik.
– Hə, amma o, hamımızdan tez öləcək, elədir?
Birte başa düşdü ki, cavabı ləngitmək olmaz.
– Fikirləşirəm ki, hələ bir az yaşayacaq. O, təslim olma -
malıdır. Gecə-gündüz dua oxumağın daşını atmalıdır. Bütün
gücünü dua oxumağa sərf edir.
– Məgər dua oxumaq lazım deyil?
– Olmayacaq şeylər üçün dua etməyin nə mənası var? –
Birte qətiyyətlə dedi. – Tanrının iradəsi belədirsə, neyləmək
olar? – sözlərinin təsirini yumşaltmaq üçün əlavə etdi.
– Yaxşı, getdik, – yaşlı qadın dikəldi. Ehtiyatla fənərin işığını
artırdı.
Cığır gah enir, gah da dikdirə qalxırdı. Çayın qırağı ilə
irəliləyib, gölə çatdılar. Şəffaf buzların altındakı daşları, çör-
çöpü aydın görmək olurdu. Buzun üzərindəki çatlar ağ lentlərə
bənzəyirdi. Birte dabanını buza vurdu. Buzun altında lil qalxıb, 257
suyu bulandırdı.
– Buz sınmaz ki? – Siqval soruşdu. Yolda bu barədə də
danışmışdılar. Buz kövrək olsa, bataqlığın ətrafına dolanmalı
olacaqdılar. Bu halda yarım saat vaxt itirəcəkdilər.
– Daş gətir!
Oğlan öz başı böyüklüyündə daş tapıb gətirdi. Birte daşı
qaldırıb, var gücüylə buza çırpdı. Daş yarıyacan buza batdı.
Daşın düşdüyü yerdə çoxlu çatlaqlar əmələ gəldi. Birte daşı
kənara itələyib, əlini buzun üzərindəki çökəyə saldı.
– Sınmaz, – o, pıçıltıyla dedi.
Bəxtləri gətirirdi, bu, gün işləri yağ kimi gedirdi.
– Sınmaz, – Siqval təkrarladı.
Saman taylarını bir-birinə bənd edib, buzun üstüylə
sürüməyə başladılar. Bu onlara o qədər asan gəldi ki, bir-birinə