Page 168 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 168
XX əsrin Norveç hekayələri
Qışın ortaları idi, Pederfredrik Kersti-Mayya ilə evdən az
çıxırdı. Qazmada azuqə ehtiyatları hələ vardı, həm də günlərin
qısaldığı belə vaxtlarda canavarların ucbatından harasa
getmək təhlükəli idi. Canavar sürüsünə artıq bir neçə dəfə rast
gəlmişdilər, hətta bir axşamüstü Pederfredrik iki canavarı düz
arabanın böyründəcə öldürmüşdü. İti dəmir uclu uzun
çomağını həmişə özüylə gəzdirirdi. Canavarla isə həyatı boyu
çox qarşılaşmışdı, belə ki, onlardan qorxmurdu. Canavarların
sürüylə qabağa atılması nadir hallarda olurdu, adətən, adamın
üstünə tək biri atılır, heyvan deşilmiş sinəsiylə yerə səriləndə
isə fürsət güdən o birilər dərhal üstünə cumub onu gəmirirdi.
Maral otardığı vaxtlarda Pederfredrik çox canavarın
qarnını yırtmışdı, bu iş ondan ötrü adi vərdişə çevrilmişdi.
Amma qaranlıqda vəhşilərlə bacarmaq çətindir. Bir halda ki
evdən çıxmağa elə bir ehtiyac yoxdu, onda boş yerə başına iş
açmaq da lazım deyildi.
Ər-arvad qışın yarısını belə yola verdi. Qazmada yeməyə
azuqələri vardı, maral dərisi də onları babat qızdırırdı. Amma
Kersti-Mayyanın köməyə daimi ehtiyacı vardı ki, bu da Peder-
fredrikin əl-qolunu bağlayırdı. Axı arvadı yerindən tərpənə
bilmirdi. Pederfredrik maral ovlamağa gedəndə bilirdi ki, geri
168
qayıdanda işi fırıq olacaq, çünki Kersti-Mayya balaca uşaq kimi
köməksiz və çarəsiz idi.
Günlər getdikcə uzanır, yemək getdikcə azalırdı. Tezliklə
yenidən kəndlərə getmək, arvadı da dalınca sürümək lazım
gələcəkdi. Dağdan dağa, kənddən kəndə. Azuqə yaxşı düşsə,
payları bol olsa, yenə eyni yolu iki dəfə gedib-gəlməli olacaqdı.
Ona da payın bol olması lazımdı, yoxsa bu boyda yolu niyə
gedirdi ki! Yenə beynində həmin fikirlər dolaşdı: Kersti-Mayya
yaşamaq istəmir, bu barədə özü də neçə dəfə deyib. Bəs əgər
bu sözü onun diliylə Pederfredrikə çatdıran Tanrı özüdürsə?
Bəlkə, Tanrı, həqiqətən, onu bu ağır yükdən qurtarmaq
niyyətindədir, bəlkə, əl-qolunu açmaq, onun köləliyinə son
qoymaq istəyir...