Page 166 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 166
XX əsrin Norveç hekayələri
aparırdı. Axşamlar yorğun-arğın halda evə qayıdanda isə məc -
bur idi ki, həm özünə yemək hazırlasın, həm də arvadının qay -
ğısına qalsın. Axı yazıq Kersti-Mayya yerindən tərpənə bilmirdi.
Varlı ağası ona öz narazılığını bildirirdi, ya yox – bu barədə
bir söz deyə bilmərik, amma məlum məsələdir ki, çoban
günün yarısını sürünü başlı-başına buraxırsa, deməli,
canavarların kefidir. Tezliklə Pederfredrik öz işiylə vidalaşmalı
oldu. Bəs indi necə yaşasınlar, axı hər ikisini acından ölmək
təhlükəsi gözləyirdi.
Başını dolandıra bilməyən başqaları kimi, onların da yalnız
bir çıxış yolu qalırdı – kəndləri gəzib dilənmək. Pederfredriklə
Kersti-Mayya da tezliklə bu yola düşdü. Arvadı qazmada
təkbaşına qoymaqdan söhbət gedə bilməzdi. Pederfredrik
kirşə düzəldib hara gedirdisə, Kersti-Mayyanı da özüylə
aparırdı. Arvadını arabada gəzdirən ər – bu hal dilənçilər
arasında təzə şey olduğundan, üz tutduğu həyətlərdə kəndlilər
Pederfredriki heç vaxt əliboş yola salmırdılar. Reynfellet
ətrafındakı üç-dörd malikanədə kəndlilər maral saxlayır,
torpağı əkib-becərir, hətta demək olar ki, firavan yaşayırdılar.
Burada Pederfredriki də, Kersti-Mayyanı da yaxşı tanıyırdılar
və onlara bir-iki tikəni həvəslə verirdilər.
166 Amma tək bu malikanələri gəzmək olmazdı axı, aşağıya,
dərəyə də düşmək lazım gəlirdi. Pederfredrik arvadını kirşəyə
otuzdurub dağdan aşır, şimal tərəfdəki ucqar Marken kəndinə
gedirdi. Burada da varlı kəndli malikanələri vardı, belə ki,
dilənçi çuvalının dolması uzun çəkmirdi. Birinci dəfə hətta o
qədər çox vermişdilər ki, Pederfredrik hamısını apara bilmədi,
əvvəlcə arvadını dağdan adlatdı, azuqənin dalınca bundan
sonra qayıtdı. Artıq gecə düşmüşdü, Pederfredrik ay işığında
yol getməli oldu. Sutka ərzində dörd dəfə gedib-gəldi, axırda
tamam heydən düşdü.
Kəndə dəfələrlə gələsi oldular, hər dəfə də eyni şey baş
verirdi. Pederfredrik əvvəl arvadı evə aparır, sonra çuvalı
götürüb azuqənin dalınca qayıdırdı. Çuvalda un da vardı, ət də –
evdə belə şeylərin olması isə əsl bayramdır!