Page 114 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 114
XX əsrin Norveç hekayələri
İstismarçı sistem, boğulan azadlıq, bumbuz sevgilər – bunların
hamısı xəyali firavanlıq, təhrif olunmuş anlayış, yəni sosial
bərabərlik üçündü. Ayıq başla düşünəndə görürük ki, söhbət
əsl var-dövlətdən gedirsə, biz on il əvvəlkindən daha yoxsuluq.
Əvəzində zahiri parlaqlıq əldə eləmişik, gəmi sahibləri və bank
direktorları kimi görünməyə başlamışıq – ikimiz də, sən də,
mən də. Snob... Snob... Snobizm! Lənətə gələsən! Allah haqqı,
sən lap sirkədə islanmış kimisən... Yaxşı, məncə, evlərimizə
dağılışmaq vaxtıdır. Hə, bir də ki, bizim zəmanəmizdə də qəzet
oxumağa qadir insanlar tapılır...
Paul masanın üstündəki qəzeti götürdü, mexaniki şəkildə
vərəqlədi, heç başlıqlara fikir də vermədi və idman səhifəsində
dayandı. Baxışları ağır-ağır aşağı sürüşdü və sətirlərdə ilişib-
qaldı. Bir daha oxudu və birdən gözləri böyüdü. O gözlər
getdikcə daha da geniş açılırdı, qaşları dartılırdı və bu durum
Ule Ulseni dəhşətə gətirirdi. Paulun üst dodağında tər
damcıları əmələ gəldi və yavaş-yavaş alt dodağından aralandı.
Qəfildən qulaqbatıran səslə qışqırdı:
– Lənət şeytana! – qardaşı stulda büzüşdü. – Bunu
bilirdin? – Paul qəzeti qardaşına uzadıb əlini idman lotere yası -
nın nəticələrinin üstünə qoyaraq soruşdu. – Axır ki, uğur
114 qazandım! Niyə mənə o saat demədin? Ürəyim sakitləşərdi,
beynim də aydınlaşardı. Biz də oturub hər görüşümüzdəki
kimi, bir fincan qəhvə içib açıq söhbət etməklə yüngülləşmək
üçün hər şeydən danışırıq. Bu bilirsən nə deməkdi? Yüz min
vur on iki, üstəgəl beş vur on bir, üstəgəl on vur on... Bu da
üst-üstə yüz əlli mindən çox deməkdi. Bu, səninçün bir ere 1
deyil. Dərhal kontora gedirəm və müqaviləni o qocanın
sifətinə tullayıram. Qoy elə bilsinlər ki, köhnə bir operettadan
səhnə oynayıram, amma yenə də bunu eləyəcəyəm və...
Ule onun sözünü kəsib sürətlə danışmağa başladı:
– Dayan, həyəcanlanma, ağılsızlıq eləmə, boğazını da
yırtma. Bunun hay-küy salmağına bax. Bəlkə, heç kupon
göndərilməyib?
1 Ere – Norveçin xırda pul vahidi