Page 73 - heynrix
P. 73
İ ROMAN

Ancaq itaətlə onun arxasınca həyətə tərəf getdim və biz ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
kilsənin daş‐divarı laxlayan hasarının dibi ilə irəliləyərək tram‐
vay parkının yaxınlığındakı binaya dönəndə bayaq məni bircə 73
anlığa çulğayan o vəhşi istək ölüb getmişdi. Parkdan çəkic
taqqıltısı, metal cingiltisi eşidilirdi. Qapı açılanda məni qıyqacı
nəzərlərlə süzən qulluqçunun təəccüb dolu kobud sifətini
gördüm.

Dəhliz qaranlıq idi və keşiş dedi:
– Bircə dəqiqə gözləyin.
Haradansa, görə bilmədiyim bir küncdən qab‐qacaq
cingiltisi eşidildi, qəflətən dəhlizi bürümüş iyrənc şirintəhər
qoxunu hiss etdim. Çox güman ki, bu qoxu nəm divarın dəlmə‐
deşiklərinə hopub qalmışdı. Elə həmin küncdən kökümeyvəli
bitkilərin buğu dəhlizə vururdu. Deyəsən, o tərəfdə mətbəx
vardı. Nəhayət, dəhlizə açılan qapıların birindən işıq gəldi və
mən həmin yerdə keşişin kölgəsini görüb səsini eşitdim:
– Gəlin!
Tərəddüdlə ora yaxınlaşdım. Otağın iyrənc görkəmi vardı.
Küncdəki qırmızımtıl pərdənin arxasında çarpayı vardı, mənə
elə gəldi ki, ondan iy gəlir. Divara müxtəlif ölçülü kitab rəfləri
vurulmuşdu, bəziləri də əyri dururdu. Böyük bir masanın
ətrafına söykənəcəyi qara mahuddan olan bir neçə qədimi stul
necə gəldi düzülmüşdü. Stolun üstündə kitablar, bir qutu
tütün, siqaret bükmək üçün yuxa kağız, bir torba yerkökü, bir
neçə də qəzet vardı. Keşiş stolun arxasında dayanmışdı, əli ilə
yaxınlaşmaq işarəsi verdi, eyni zamanda da söykənəcəyinə
barmaqlıq mismarlanmış stulu çəpinə ora qoydu. İşıqda
görəndə sifəti xoşuma gəldi.
– Gərək bağışlayasınız, – o, qapıya tərəf baxdı, başı ilə
yüngülcə təzim etdi. – Biz kənd adamıyıq, ona kökümeyvəli
bitkilərdən yemək hazırlamağı tərgidə bilmirəm. Bu, həmin
şeyləri hazır almaqdan baha başa gəlir, üstəlik, nə qədər
kömür işlənir, zibillənməyən yer qalmır, iyi‐qoxusu da aləmi
başına götürür, özü də əziyyət çəkir, iş görür... Ancaq yola
gətirə bilmirəm... Yaxın gəlin...
   68   69   70   71   72   73   74   75   76   77   78