Page 91 - alberto moravia_Макет 1
P. 91
Çoçara
Paride qәhqәhә çәkdi, mәnsә fikirlәşdim ki, burada gülmәli
heç nә yoxdur vә onun şәr-şәbәdәsinә qarşı ürәyimdә dua
oxu dum.
Günün sonunda komanı sәliqәyә salmaqla mәşğul oldum.
Nәsә ürәyimә dammışdı ki, burada çox qalmalı olacağıq.
Döşәmәnin qat kәsmiş çirkini sıyırıb, süpürdüm, künc-bucaqda
atılıb qalmış çapacaqları vә kürәklәri toplayıb, Parideyә verdim
ki, başqa yerә qoysun, sonra divarları hörümçәk torundan
tәmizlәdim. Bundan sonra çarpayını maçeranın divarının
yanına çәkdim, quru qarğıdalı yarpaqlarından düzәldilmiş
döşәyi çırpıb, üstünә tәmiz kәtan mәlәfә örtdüm, üstündәn isә
Paridenin qara plaşını sәrdim. Paridenin arvadı, üz-gözündәn
biclik yağan mavigözlü Luiza dәzgahın arxasına keçib, onu
güclü, әzәlәli qolları ilә hәrәkәtә gәtirdi, dәzgahın sәs-küyünә
dözmәyib dedim:
– Bura hәmişә belә hay-küylü olacaq?
– Hә, – o gülә-gülә cavab verdi, – burada hәlә çox
işlәyәcәyәm!.. Parideyә vә uşaqlara şalvar tikmәk üçün parça
hazırlamalıyam.
– Vay-vay… Burada kar olarıq ki! – dedim.
– Mәn kar olmamışam… sәn dә öyrәşәcәksәn.
Luiza düz iki saat dәzgahın arxasında oturdu. Dәzgahın
taxta hissәlәri bir-birinә sürtülәrәk, gurultu qoparırdı. Komanı
sәliqәyә salıb, elә buradaca oturduq: Rozetta Paridedәn icarәyә
götürdüyümüz stulda, mәnsә çarpayıda. Belәcә oturub, iki
yelbeyin qız kimi Luizaya tamaşa elәyirdik. Luiza bir qәdәr
qaraqabaq olsa da, suallarımıza hәvәslә cavab verirdi. Ondan
öyrәndik ki, müharibәdәn әvvәl burada yaşayan kişilәrdәn
tәkcә Paride qalıb. Onu cәbhәyә aparmayıblar, çünki sağ
әlinin iki barmağı yox idi. Yerdә qalanların, demәk olar,
hamısı Rusiyada vuruşurdu.
– Mәndәn başqa, buradakı qadınların hamısını dul saymaq
olar, – ikibaşlı danışan Luiza, az qala, mәmnunluqla gülümsәdi.
91