Page 579 - alberto moravia_Макет 1
P. 579
DOSTLUQ
Mariya-Roza – ikili addır; bu adı daşıyan qadının zahiri
görkәmindә dә nәsә ikilik vardı, elә әxlaq vә davranışı da o
cür idi. Tәravәtli üzünә, süd kimi ağappaq yanaqlarına sanki
qan dammışdı. Bәdirlәnmiş ay kimi girdә vә enli sifәti zәrif
qamәtinә qәti uyğun gәlmirdi. O, kәlәmgülü deyilәn qızılgüllәrә
bәnzәyirdi; bu güllәrin çiçәyi qalın vә bәrk olur. Bir sözlә,
ona ötәri baxışla nәzәr salanda istәr-istәmәz düşünürsәn ki, bu
sifәtdәn rahatca ikisini düzәltmәk olar. Xarakterinin tam әksinә
olaraq, Mariya-Rozanın girdә bәnizi hәr zaman mülayim,
sakit, gülümsәr, qәrәzsiz olurdu. Bu iblisanә xarakterdәn
şәxsәn mәnim başım çәkib; payımı bәs deyincә götürmüşәm.
Elә ona görә deyirәm ki, Mariya-Rozanın әxlaqı ikili idi.
Onun qayğısını da çox çәkmişәm, nazıyla da hәr cür
oynamışam. Әvvәlcә hörmәt vә nәzakәtlә davranırdım, görәndә
ki, ipә-sapa yatmır, daha cürәtli vә daha inadkar oldum; onu
qaranlıq meydançaların pillәkәnindә pusub gözlәdim, zorla
öpmәyә çalışdım. Amma bundan qazancım bir-iki tәpik, bir-
iki dә qapaz oldu. Elәdә özümü tәhqir olunmuş yerinә qoydum,
salam-kalamı kәsdim, rastlaşanda üzümü yan tutub keçdim.
Bu, lap pis oldu: özünü elә apardı ki, guya dünyada mәn adda
adam yoxdur. Axırda iş o yerә çatdı ki, qabağında gözüyaşlı
durub yalvardım ki, heç olmasa, mәni bircә tikә sevsin. Bu da
kömәk elәmәdi. Keşkә mәni biryolluq rәdd edәydi! Amma
yox: bu hiylәgәr qız hiss edәndә ki, sәbrim tükәnib vә hәqiqәtәn,
dalından dәyә bilәrәm, onda mәni hasısa şirin sözlә, baxışla,
jestlә geri qaytarırdı. Yalnız sonradan başa düşdüm ki, әslindә,
qadın üçün onun nazını çәkәnlәr heç cür ayrılmaq istәmәdiyi
bәr-bәzәk әşyası – qolbaq, yaxud boyunbağı kimi bir şeydir.
579