Page 547 - alberto moravia_Макет 1
P. 547
KATERİNA
Evlәnәndә vur-tut on sәkkiz yaşım vardı. O vaxt haradan
bilәydim, qabaqcadan necә ağlıma gәlәrdi ki, Katerinanın
xasiyyәti bu qәdәr dәyişәcәk? Yox, nәyi desәn fәrz edәrdim,
tәkcә bunu yox.
O vaxtlar Katerina adi qızlardan biriydi, diqqәti cәlb
edәcәk mәxsusi nәyәsә malik deyildi. Rәngsiz, solğun çöhrәsi
vardı, hamar saçlarını da, başqaları kimi, tәn ortadan ayırardı.
Üz cizgilәri düzgün olsa da, heç nә ifadә etmәzdi. Bütün
gözәlliyi bir qәdәr sönük görünәn iri, hәlim gözlәrindәn ibarәt
idi. Qamәti lap dürüst olmasa da, ümumi biçimi xoşuma
gәlirdi: sinәsi qabarıq, yançaqları enli, ayaqları, әllәri, çiyinlәri
isә qız uşağınınkı kimi zәrif idi. Katerinanın üstünlüyü
gözәlliyindә yox, ürkәkliyindә idi, yәqin, onu mәhz bu ürkәkliyә
görә sevirdim.
Katerinanın o vaxtlarını görmәyәn adam onun necә mәlahәtli
bir varlıq olduğunu indi heç tәsәvvür dә edә bilmәz. Hәrәkәtlәri
tәmkinli, davranışı mülayim idi: nә üzündә sәrt bir ifadә
görәrdin, nә baxışlarında bir kәskinlik. Hәmişә güzәştә gedir,
özü dә hәr şeydә mәnә güvәnirdi; nәsә elәmәzdәn qabaq
mütlәq üzümә nәzәr salar, sanki icazә istәyәrdi. Hәrdәn bu,
mәni utandırırdı, hәtta düşünürdüm ki, yox, mәn belә bir
qadına layiq deyilәm. Bax bu cür sözәbaxan, tәmkinli, sәdaqәtli
bir qadın idi Katerina. Hәlә xoş münasibәtini, özünü necә
mülayim aparmağını demirәm – çox istiqanlı idi!
Onun ürkәkliyindәn, hәlim xasiyyәtindәn mәhlәmizdә
hamının xәbәri vardı. Qonşu arvadlar bazarda anama deyirdilәr:
– Oğlunun bәxti gәtirib… xalis mәlәklә evlәnir.
Hәrdәn hәtta arzulayırdım ki, kaş ki Katerina bu qәdәr
abırlı, bu dәrәcәdә qanacaqlı vә utancaq olmasın. Olurdu ki,
zarafatla soruşurdum:
– Katerina, yәni doğrudanmı indiyәcәn sәnin kimәsә kobud
bir söz demәyin, nәsә köntöy davranmağın olmayıb?
547