Page 494 - alberto moravia_Макет 1
P. 494
BӘDXӘRC
Arvadımla aramızdakı narazılığın, incikliyin, umu-küsünün
hamısı pulun ucbatından baş verirdi.
Mәn dükan işlәdirdim; pilәtә vә digәr qızdırıcı cihazlar,
müxtәlif elektrik avadanlıqları satırdım. Adi dükandı, hәm dә
San-Covanni kimi zәngin rayonda yerlәşmirdi ki, gündәlik
qazanca ümid edәsәn. Yox, mәndә heç vaxt buna qәti әminlik
olmurdu. Әlbәttә, pilәtәni qırx min lirәyә satdığım xoşbәxt
günlәr dә olurdu, ancaq bir dә görürdün, gün әrzindә vur-tut
üç yüz lirәlik xırda şeydәn başqa heç nә satılmayıb. Di gәl,
bunu arvada qandır – Valentina heç nә başa düşmәk istәmirdi!
O, mәni sadәcә simic sayırdı. Halbuki mәn yazıq qazancıma
uyğun yaşamağa, necә deyәrlәr, ayağımı yorğanıma görә
uzatmağa çalışırdım, odur ki, gündәlik gәlir-çıxarı sәliqә ilә
qeyd edir, әlim gәtirmәyәndә, yәni alver zәiflәyib qazanc
aşağı düşәndә bunu açıqca deyirdim. Onda Valentina üstümә
qışqırırdı:
– Simic… mәn simicә әrә getmişәm!
– Sәn nәyә görә mәnә simic deyirsәn? – soruşurdum. –
Axı işlәrin necә getdiyindәn sәnin xәbәrin yoxdur... Niyә sәn
bircә dәfә dükana, yaxud banka gәlmәyәsәn? Gәlib baxsan,
öz gözlәrinlә görәrdin ki, satdığım nәdir vә necә satılır.
Görәrdin ki, bankdakı hesabım gündәn-günә necә әriyir…
Cavabı bu olurdu ki, dükana baş çәkmәyi heç ağlına da
gәtirmir, çünki tüccarın yox, dövlәt qulluqçusunun qızıdır.
Bankda isә işi yoxdur, onsuz da, bank hesablarından baş açmır
vә ümumiyyәtlә, yaxşısı budur, onu dinc buraxım. Sonra bir
az mülayim sәslә әlavә edirdi:
– Bilirsәn, Auqusto, bәlkә, sәn, hәqiqәtәn, qazandığının
hamısını xәrclәyirsәn, bәlkә, hәqiqәtәn, borca girirsәn… Amma
sәn yenә simicsәn. Simic o adam deyil ki, heç nә xәrclәmir,
yox, simic o adamdır ki, bundan xoşlanmır, cibindәn pul
çıxanda elә bil canı çıxır.
494