Page 460 - alberto moravia_Макет 1
P. 460
Alberto Moravia
Şöhrәtpәrәst adamlar çağaya oxşayır: әgәr adam sadәcә
şöhrәtpәrәstdirsә, o daha çox mәzәlidir, nәinki ziyankar.
Şöhrәtpәrәst kötüksә – artıq bәladır; müsibәtdir. Gәrәk
belәsindәn bәd gözdәn betәr qorunasan. Qısaca desәk, Peppino,
yәni bu kötük öz şöhrәtpәrәstliyini daha çox boş şeylәrdә
büruzә verir, әn xırda mәsәlәlәrdә tәzahür etdirirdi. Bax
mәsәlәn, bir dәfә biz onunla dostlarımızın tez-tez yığışdığı
Rotondanın yaxınlığındakı bara gәlmişdik. Peppino qәti dәxli
olmadan tәzә qalstukunun ucunu gah onun, gah bunun gözünә
soxub, dil-boğaza qoymadan hamını cana yığmışdı:
– Görürsәn necә maldır? Bax, gör nә yaxşıdır!.. Mәn onu
dünәn via Due Maçelledәki mağazadan almışam. Sәn bir
rәnglәrә fikir ver, hәlә astarına bax…
Dostlar yalnız xәtrә dәymәmәk üçün qalstuka ötәri nәzәr
yetirib tәzәdәn öz iş-güc söhbәtlәrinә qayıtsalar da, bәyәm
bununla Peppinodan yaxa qurtarmaq olar? Yox ey, barmağının
arasında tutduğu qalstuku gözә soxa-soxa birindәn qurtarıb, o
birinin üstünә cumurdu, elә bil onu satışa çıxartmışdı. Bir
sözlә, xalis kötük.
Bir dәfә barda Peppino tәntәnәli surәtdә elan etdi ki, bәs
Turindә maşın sifariş verib, dörd aydan sonra alacaq. Dostlar
bәlәkdәki çağa deyil, hamısı görüb-götürmüş adamdı, kefin
istәyәn qәdәr dә maşın görüblәr. Odur ki, ağzından süd iyi
gәlәn körpә Peppinonu hansı hәvәslә dinlәmәlәrini özünüz
tәsәvvür edә bilәrsiniz. Hәqiqәtәn dә, bu dünәnki uşaq öz
çәrәnçi söhbәtlәriylә, uzun izahlarıyla adamın lap ürәyini
çәkirdi.
– Agentlikdә bir dostum var, özü dә elә-belә adam deyil,
Turindәki zavodun direktoru var ha, onun әn yaxın qohumudur.
Bax buna görә mәn maşını dörd aydan sonra götürә bilәrәm,
yoxsa, Allah bilir, nә qәdәr gözlәmәliydim… Bilirsiz, bu
maşınların istehsalını tәlәb olunduğundan iki dәfә azaldıblar…
Amma mәnimki mәxsusi olacaq.
460