Page 315 - alberto moravia_Макет 1
P. 315
Çoçara
– Rozetta.
O, mәnә baxıb astadan, könülsüz cavab verdi:
– Hә, ana.
– Hardaydın? Üç gündür özümә yer tapa bilmirәm. Mәnә
niyә demәmisәn? Hardaydın?
Rozetta gözünü üzümdәn çәkmәdәn dedi:
– Klorindoyla getmişdim, onunla da qayıtdım.
Onun çarpayısına әylәşib nәvazişlә soruşdum:
– Sәnә nә olub, Rozetta? Başqa adam olmusan.
– Necә vardımsa, elә dә qalmışam. Niyә elә fikirlәşirsәn
ki, başqa adam olmuşam?
– Qızım, axı ikimiz dә yaxşı bilirik ki, Klorindo hansı
yuvanın quşudur, – kәdәrli sәslә dedim, – aranızda nә var?
Cavab vermәdi, gözlәrini aşağı salıb susdu. Amma onun
әvәzinә bәdәni danışırdı – әynindә lifçikdәn vә bәzәkli qara
korsetdәn savayı heç nә yox idi – bu, tamamilә başqa bәdәn
idi, әvvәlki deyildi. Sәbrim daşdı, artıq dözә bilmәyib, dik
atıldım vә Rozettanın çiynindәn tutub, silkәlәmәyә başladım:
– Niyә susursan, mәni dәli elәmәk istәyirsәn? Niyә
susduğunu bilirәm, elә bilirsәn fil qulağında yatmışam, heç
nәdәn xәbәrim yoxdur? Susursan, çünki özünü fahişә kimi
aparırsan, Klorindoya qoşulmusan, mәnә isә heç nә demәk
istәmirsәn, ona görә ki, ananı adam yerinә qoymursan, fahişәlik
sәnin xoşuna gәlir!
O susur, mәnsә onu silkәlәmәyә davam edirdim, nәhayәt,
lap özümdәn çıxıb qışqırdım:
– Çıxar әynindәn bu zәhrimarı!
Korseti tutub, dartışdırmağa başladım. Rozetta yenә
qımıldanmadı. Qız әvvәlki kimi başını aşağı salıb susurdu,
sanki mәnә qısılmaq istәyirdi. Korsetdәn tutub dartdım, amma
aça bilmәdim, görünür, möhkәm materialdan düzәldilmişdi.
Onda Rozettanı var gücümlә çarpayının üstünә itәlәdim,
üzüüstә yatağa yıxılanda isә arxasına yağlı bir şillә çәkdim.
315