Page 298 - alberto moravia_Макет 1
P. 298
Alberto Moravia
ayaqlarını bir-birinә sıxıb, baldır әzәlәlәri gәrilib, ayaqlarından
qan süzülür… Heç vaxt ağlıma gәlmәzdi ki, onu bu vәziyyәtdә
görә bilәrәm.
Nәhayәt, gözümә yuxu getdi. Amma yenicә yuxulamışdım
ki, elә bil kimsә mәni dümsüklәyib oyatdı, hövlnak dikәlib,
Rozettanı sәslәdim. Cavab gәlmәdi, hәr yanı sükut sarmışdı,
keçilәrin sәsi dә eşidilmirdi – yәqin, buradan çox uzaqlaşmışdılar.
Yenә çağırdım, yenә cavab gәlmәdi, tәlәm-tәlәsik qalxıb,
bayıra çıxdım. Rozetta heç yerdә gözә dәymirdi. Daxmanın
әtrafına dolandım, konserv qutularından savayı, heç nә
görmәdim.
Dәhşәtә gәldim, fikirlәşdim ki, bu rüsvayçılığa dözmәyәn
Rozetta mәni tәrk etmәyә qәrar verib, bәlkә dә, özünü maşının
altına atmaq üçün yola çıxıb. Nәfәsim tutuldu, ürәyim ayağımın
altına düşdü, daxmanın yanında dayanıb, әtrafa boylana-
boylana, Rozettanı sәslәmәyә başladım. Qızdan sәs çıxmadı;
әslindә, elә dә bәrkdәn çağırmırdım: hәyәcan vә gәrginlikdәn
sәsim batmışdı. Onda kolluqların arasıyla yola tәrәf götürüldüm.
Qurumuş kolların arasında tozlu cığır gah genişlәnir, gah
da daralıb, az qala, gözdәn itirdi. Cığır mәni şosenin üzәrinә
doğru әyilmiş sıldırım qayanın yanına gәtirib çıxardı. Burada
böyük bir ağac bitmişdi, qayanın özü isә nәhәng skamyaya
oxşayırdı. Aşağıda qıvrıla-qıvrıla uzanan yolun bir hissәsini,
onun o tәrәfindә isә iki-üç qola ayrılaraq, otların vә daşların
arasıyla axan çayı görmәk olurdu. Qayanın üstündә oturub,
aşağı boylananda Rozettanı gördüm. Mәnә niyә cavab
vermәdiyini indi başa düşdüm: o, çox uzaqdaydı, çayın dayaz
qolunun mәcrası ilә irәlilәyirdi. Asta-asta gedir, ayaqları
islanmasın deyә daşların üstüylә yerimәyә çalışırdı. O dәqiqә
başa düşdüm ki, onu buraya ümidsizlik, ya çıxılmazlıq
gәtirmәyib. Rozetta axının nisbәtәn dәrin yerindә dizini yerә
qoyub, su içmәk üçün aşağı әyildi. İçib doyduqdan sonra
diqqәtlә әtrafa göz gәzdirdi, sonra әtәyini qarnınacan çirmәdi,
298