Page 272 - alberto moravia_Макет 1
P. 272
Alberto Moravia
dә, özümüzü bayaqkı kimi xoşbәxt hiss etmirdik. Sәslәrlә
dolu, hәyәcanlı bir gecәydi: uzaqlardan qışqırtı, ulartı, mühәrrik
uğultusu, tappıltı vә digәr qәribә, qeyri-adi sәslәr eşidilirdi.
Öz-özümә fikirlәşdim ki, yәqin, yaralanan vә ölәn çoxdur,
indi amerikalılar onları yığışdırmaqla mәşğuldur.
Nәhayәt, yuxuya getdik, ayılanda artıq dan yeri sökülürdü.
Taxıl saplaqlarının arasında gözoxşayan qırmızı lalәlәr gözә
dәyirdi. Bozumtul sәmada sonuncu qızılı ulduzlar sayrışırdı.
Çevrilib, hәlә yuxulayan Rozettaya baxdım: o, qurşağacan
çirkә batmışdı, sifәtindә qurumuş palçıq izlәri vardı, mәn dә
onun günündәydim, buna baxmayaraq özümü gümrah hiss
edirdim. Çünki fasilәlәrlә dә olsa, xeyli yatmışdıq.
– Qalxmaq lazımdır… – Rozettanı yüngülcә dümsüklәdim.
Amma o, dodağının altında nәsә mızıldanıb, böyrü üstә çevrildi,
başını dizimin üstünә qoyub, mәni qucaqladı. Yatmaq istәmәsәm
dә, yenidәn yerә uzandım. Belәcә, taxıl zәmisindә uzanıb
gözlәrimi yumdum vә Rozettanın nә vaxt yuxudan doyub,
ayılacağını gözlәdim.
Qız yuxudan ayılanda gün günorta olmuşdu. Birtәhәr
ayağa qalxıb, evә tәrәf boylandıq. Amma nә qәdәr baxsaq da,
onu görә bilmәdik. Nәhayәt, zәminin kәnarında, evin olduğu
yerdә bir qalaq daş-kәsәk vә taxta parçaları gördüm.
– Görürsәn? Orada qalsaydıq, çoxdan ölmüşdük, – Rozettaya
dedim.
Rozetta heç tövrünü dә pozmadan belә cavab verdi:
– Bәlkә dә, orada qalsaydıq, daha yaxşı olardı, ana.
Tәәccüblә onun üzünә baxdım. Qızımın üzündә elә bir
ümidsizlik ifadәsi vardı ki, dözmәyib qәtiyyәtlә dedim:
– Elә bu gün, nәyin bahasına olur-olsun, buradan çıxıb-
gedәcәyik.
– Necә? – Rozetta soruşdu.
– Buradan çıxıb-getmәliyiksә, demәli, bir yol tapacağıq, –
cavab verdim.
Bundan sonra xarabazara çevrilmiş evә baxmağa getdik.
Bomba düz evin yanında partlamışdı, dağıntılar әtrafa sәpә -
272