Page 239 - alberto moravia_Макет 1
P. 239
Çoçara
istәmirdim, çünki, dediyim kimi, döyüşlәri tamamilә başqa
cür tәsәvvür edirdim. Bunu Mikeleyә dә danışdım. O, gülә-
gülә dedi ki, “Bazar günü” jurnalında gördüyün şәkillәri unut
getsin, müharibәlәr öz şәklini çoxdan dәyişib: cәbhә xәttindәki
әsgәrlәri uzaqdan, toplarla vә tәyyarәlәrlә vururlar; sözün
qısası, müasir döyüş ev sahibinin milçәklәrlә mübarizәsini
xatırladır – milçәklәrә toxunmaq, әlini qana bulamaq lazım
deyil, sadәcә müvafiq yerlәrә zәhәrlәyici maddә çilәyirsәn,
vәssalam. Mikele mәni başa saldı ki, müasir müharibәdә
әlbәyaxa döyüş, böyük hücumlar, hәmlәlәr, fәrdi qәhrәmanlıq
kimi mәsәlәlәrә ehtiyac yoxdur, kimin tәyyarәlәri daha tez vә
daha uzağa uçursa, kimin topları daha uzağa vurursa, qәlәbәni
dә o qazanır.
– İndi maşınlar vuruşur, – Mikele sözünü tamamladı, –
әsgәrlәr isә sadәcә yaxşı mexanikdirlәr.
Görünmәyәn müharibә bir neçә gün davam etdi vә gözәl
günlәrin birindә top sәslәri lap yaxınlıqdan eşidilmәyә başladı.
Belә ki, hәr dәfә “bum, bum, bum!” sәslәri gәlәndә daxmamızın
divarları titrәyirdi. Yerimdәn dik atılıb çölә qaçdım, fikirlәşdim
ki, yәqin, çoxdan tәsәvvürümdә canlandırdığım әlbәyaxa
döyüşün şahidi olacağam. Amma heç nә görmәdim. Gözәl,
günәşli gün idi, yalnız düzәngahı dövrәyә alan dağların
arxasından arabir nazik, qırmızı işıq zolaqları sәmaya ucalır,
göy üzünün mavi әnginliyindә gözdәn itirdi. Adama elә gәlirdi
ki, sәmanı bıçaqla kәsib-doğrayırlar. Mәnә dedilәr ki, bunlar
top güllәlәridir, onların havada buraxdığı izi günün bu çağında
adi gözlә dә görmәk olur. Bu qırmızı zolaqlar ülgüc yarasına
oxşayırdı, elә bil bircә anlığa yara qanayır vә yenidәn yox
olurdu. Әvvәlcә işıq zolağı görünür, ardınca top sәslәri eşidilirdi,
mәrmilәr vıyıltıyla başımızın üstündәn keçib, dağların arxasında
partlayırdı. Partlayış sәslәrindәn yer-göy lәrzәyә gәlmişdi,
әtrafda hәr şey yellәnir, silkәlәnir, titrәyirdi. Toplardan bizim
arxamızdakı hәdәflәrә atәş açırdılar. Mikele dedi ki, döyüşlәr
şimal tәrәfdә aparılır vә Fondi artıq almanlardan tәmizlәnib.
239