Page 198 - alberto moravia_Макет 1
P. 198
Alberto Moravia
Vәkil bir daha bildirdi ki, leytenant zenit batareyasının ko-
mandiridir, xoş qonşuluq münasibәti qurmaq üçün onu nahara
dәvәt edib.
– İnşallah müharibә tezliklә qurtarar, – vәkil dedi, – onda
leytenant da bizi Almaniyaya, öz evinә dәvәt edәr.
Leytenant cavab vermәdi, heç gülümsәmәdi dә… Fikirlәşdim
ki, yәqin, dilimizi bilmir, deyilәnlәri başa düşmәyib. Sәn
demә, yanılırmışam – vәkilin anası ona vermut tәklif edәndә,
tәmiz italyan dilindә cavab verdi:
– Sağ olun, mәn aperetiv içmirәm.
Birdәn ağlıma gәldi: nәyә görәsә, leytenantın vәkilә acığı
tutub, ona görә gülümsәmir. Mikele dәli qızla rastlaşdığımızı
deyәndә vәkil etinasızlıqla әlini yellәdi:
– Lenadır. Ağlı başında deyil, elә hәmişә belә olub. Keçәn
il, döyüşlәrin qızğın çağında, hәmişәki kimi çöldә-bayırda
dolaşarkәn bir әsgәr onu zorlamışdı. Ondan bir uşağı da oldu.
– Bәs uşaq hanı?
– Uşağı ailәsi saxlayır, insafәn, ona çox yaxşı baxırlar. Axı
qız dәlidir, ona elә gәlir ki, südü azdır, körpәni doyura bilmir,
ona görә uşağını әlindәn almaq istәyirlәr.
Vәkil o qәdәr sakit idi ki, elә bil insan haqqında yox,
daşdan-ağacdan danışırdı. Amma Lenanın başına gәlәnlәr
mәnә çox pis tәsir etmişdi. Hәlә dә onu xatırlayanda ovqatım
tәlx olur. Yazıq qızın hәr yoldan ötәnә göstәrdiyi açıq sinәsi
1944-cü ildә biz italyanların düşdüyü vәziyyәti simvolizә
edirdi: onda italyanların çoxu ac-yalavac idi, evsiz-eşiksiz
qalmışdı, balalarını yemlәmәk üçün süddәn savayı, heç nәyi
olmayan vәhşi heyvan kimiydilәr.
Vәkilin anası, qorxudan sarısını udmuş qarı әllәri әsә-әsә
mәtbәxdәn yemәk gәtirdi. O, boşqabları әlindә elә ehtiyatla
tutur, elә sakit yeriyirdi ki, sanki ayin yerinә yetirir. Süfrәyә
kolbasa, qaxac edilmiş donuz әti, kәrpicşәkilli alman çörәyi
(yumurtaları mәhz belә çörәyә dәyişdirmәk istәyirdik), ardınca
da әtli әriştә şorbası vә toyuq soyutması, yanında da pomidor-
198