Page 188 - alberto moravia_Макет 1
P. 188
Alberto Moravia
baxmaq lazımdır. Çarpayıdan yerә atıldım, ayaqyalın, alt pal-
tardaca, qapını açıb çölә boylandım. Qapının ağzında iki
alman әsgәri dayanmışdı; biri, yәqin ki, serjant, o biri sıravi
әsgәr idi. Serjant nisbәtәn cavan görünürdü, bәnizi kağız kimi
ağappaq, gözlәri bulanıq mavi rәngdәydi. Burnu bir tәrәfә,
ağzı isә başqa tәrәfә әyilmişdi, kirpiksiz gözlәrinin ifadәsindәn
heç nә oxumaq olmurdu. Yanağındakı çapıqlar ona qәribә
görkәm verirdi, elә bil ağzı әyilib qulağının dibinә getmişdi.
Digәr әsgәr ortayaşlı, bәstәboy, geniş alınlı alman idi, kәdәrli
gözlәri tünd-mavi rәngdәydi, gözlәrinin әtrafı qara lәkәlәrlә
örtülmüşdü, çәnәsi buldoq çәnәsini xatırladırdı. Serjantın
soyuq, ifadәsiz baxışları canıma üşütmә saldı – o, insandan
çox, vәşhi heyvana oxşayırdı. Lakin özümü o yerә qoymadım,
ondan qorxduğumu bildirmәmәk üçün sәsimi başıma atıb,
çığır-bağır saldım:
– Bura bax, ağlını itirmisәn, nәdir? Niyә qapını sındırırsan?
Görmürsәn, burada qadınlar yaşayır? Yatmağa da qoymur-
suz… Nәdi, yatmaq da olmaz?
Mavigözlü әsgәr әlini yellәyib italyan dilindә, sözlәrin
qol-qabırğasını sındıra-sındıra dedi:
– Yaxşı, yaxşı, nә özünә әl qatmısan…
Sonra әsgәrә başıyla işarә edib, daxmaya keçdi.
Rozetta çarpayıda oturub, sinәsini mәlәfәylә örtmüşdü,
gözlәrini geniş açıb, әsgәrlәrә baxırdı. Әsgәrlәr otağı alt-üst
elәdilәr, әyilib çarpayının altına baxdılar, serjant hәtta mәlәfәnin
altına da göz gәzdirdi. Bundan sonra axtardıqlarını tapa
bilmәyib bayıra çıxdılar. Artıq daxmanın önünә qaçqınlar
toplaşmışdı. Bәxtimiz gәtirdi, almanlar qaçqınları sorğu-suala
tutmadılar. Qaçqınlardan kimsә dilindәn söz qaçırsaydı, qanımız
getmişdi. İngilislәr gedәndәn bircә gün sonra almanların gәlib
bizi yoxlaması faktının özü, istәr-istәmәz, şübhә doğururdu –
kimsә ağzından söz qaçıra vә ya çuğulluq edә bilәrdi. Mәnә
elә gәlir ki, onda almanlar bizә baş qoşmaq istәmәdilәr, әtrafa
göz gәzdirmәklә kifayәtlәndilәr vә heç kәsi incitmәdilәr.
188