Page 185 - alberto moravia_Макет 1
P. 185

Çoçara

             – Ora getmә, Mikele, axı onlar ingilisdir, almanlar bilsә,
          qanımız getdi.
             Mikele çiyinlәrini çәkdi vә atasının sözlәrinә mәhәl qoy-
          madan bizim daxmaya tәrәf addımladı.
             Stolun üstünә kәndlilәrdәn götürdüyüm qalın kәtan süfrә
          salmışdım. Rozetta stolu yaşıl yarpaqlarla, qırmızı gilәmeyvәlәrlә
          bәzәmişdi. Bunlar bayram әrәfәsi Romada satılan bәzәk
          әşyalarına oxşayırdı. Nimçәlәrdәn birinә toyuğu qoymuşdum
          (beş adam üçün az olsa da), digәr boşqablarda kolbasa,
          yumurta, pendir, portağal vә şirin şeylәr vardı. Bayram
          münasibәtilә bişirdiyim çörәk hәlә isti vә әtirli idi. Çörәyi beş
          yerә bölüb, süfrә arxasında oturanlara payladım. Nahar zamanı
          qapını açıq qoymuşduq, çünki daxmanın pәncәrәsi yox idi vә
          içәriyә yalnız qapıdan işıq düşürdü. Günәşli bir gün idi,
          Fondini, gün işığına qәrq olmuş bütün vadini rahat görmәk
          olurdu. Mikele yemәyini yedikdәn sonra ingilislәrlә müharibә
          haqqında danışmağa başladı. O, fikirlәrini gizlәtmir, özünü
          elә aparırdı, elә bil onlarla yaşıddır. İngilislәrin gözü kәllәsinә
          çıxmışdı: deyәsәn, kәnardan ağzının sarısı getmәmiş uşaq
          kimi görünәn Mikeledәn belә sözlәr gözlәmirdilәr. Mikele
          onlara dedi ki, Roma yaxınlığında yox, Siciliyada hücuma
          keçmәklә böyük sәhvә yol veriblәr. Bu sәhvi etmәsәydilәr,
          Romanı vә İtaliyanın bütün cәnub әrazilәrini çoxdan әlә
          keçirәrdilәr. İtaliyada yavaş-yavaş irәlilәyәn müttәfiqlәr yolda
          hәr şeyi dağıdıb, necә deyәrlәr, odla su arasında qalan yerli
          әhalini min bir әzab-әziyyәtә düçar ediblәr; od – almanlar, su
          isә müttәfiqlәrdir. Cavabında ingilislәr and-aman etdilәr ki,
          onlar yalnız әsgәrdirlәr vә böyüklәrin әmrinә tabe olublar.
          Dil-boğaza qoymayan Mikele isә onları rahat buraxmaq fikrindә
          deyildi – o, başqa iradlarını bildirmәyә başladı: onlar niyә
          vuruşurlar, niyyәtlәri nәdir? İngilislәr qayıtdı ki, hamını, o
          cümlәdәn dә ingilislәri özünә qul etmәk istәyәn almanlardan
          qorunmaq üçün vuruşurlar. Mikele dedi ki, bu, kifayәt deyil:
          müharibәdәn sonra insanlar yeni bir dünyanın qurulmasını

                                                              185
   180   181   182   183   184   185   186   187   188   189   190