Page 14 - alberto moravia_Макет 1
P. 14
Alberto Moravia
Orasını da deyim ki, o, mәnimlә evlәnә bilmәyәcәyini
yәqinlәşdirәndәn sonra açıq danışmağa başlamışdı.
Müharibә qurtarmaq bilmirdi, ancaq bu, vecimә dә deyildi.
Radioda musiqi proqramından sonra cәbhә xәbәrlәri verilәndә
Rozettaya deyirdim:
– Söndür o radionu… Qoy cәhәnnәm olsunlar… it uşağı!
Qoy nә qәdәr keflәridi boğuşsunlar, bu barәdә heç nә eşitmәk
istәmirәm. Müharibәdәn bizә nә? Mәgәr onlar davanı başlayanda
camaatın fikrini soruşmuşdular? Halbuki cәbhәdә qan tökәnlәr
elә sadә adamlardır. Biz dә sadә adamıq, ona görә dә onların
müharibәsi ilә işimiz yoxdur.
Digәr tәrәfdәn, müharibә mәnә sәrf elәyirdi: alverim daha
yaxşı gedirdi, getdikcә qiymәtlәri qaldırır, sabit qiymәtlә daha
az mal satırdım. Neapola vә digәr şәhәrlәrә bomba yağmağa
başlayanda dükana gәlәnlәr әl-ayağa düşmәyә başladı:
– Qaçıb aradan çıxmaq lazımdır, yoxsa hamımızı qıracaqlar.
Onlara belә cavab verirdim:
– Romanı bombalamazlar, çünki Papa Romada yaşayır…
Hәm dә dükanı kimә qoyub gedim?
Ata-anam tez-tez mәktub yazıb, bizi kәndә çağırırdılar.
Ancaq onların yanına getmәdim. Tez-tez Rozettayla kәndlәri
dolaşır, çamadanlarımızı әrzaqla doldurub Romaya qayıdırdıq:
kәndlәrdә hәr şey bol idi, ancaq hökumәt kәndlilәrin malını
aşağı qiymәtә alırdı. Kәndlilәr dә әrzağı müәyyәnlәşmiş
qiymәtә satmaq istәmir, alverçilәri gözlәyirdilәr ki, rahatca
sövdәlәşә bilsinlәr. Çamadanlarımızı әrzaqla doldurur, çamadana
sığmayanları isә paltarımızın altında gizlәdirdik. Bir dәfә
Romaya qayıdanda belimә üç-dörd kilo sosiska bağlamışdım,
hamilә qadına oxşayırdım. Rozetta yumurtaları döşlәrinin
arasında gizlәdirdi. Onları çıxaranda elә isti olurdular ki, elә
bil toyuğun altından indicә götürmüsәn. Ancaq bu sәfәrlәr
çox tәhlükәli idi, hәm dә vaxt aparırdı. Bir dәfә Frozinon
yaxınlığında qatarımızı havadan pulemyotla atәşә tutdular.
14