Page 102 - alberto moravia_Макет 1
P. 102
Alberto Moravia
IV fәsil
Belәliklә, Sant-Yeufemiyada (o yer belә adlanırdı) yaşamağa
başladıq. Әvvәlcә fikirlәşirdik ki, iki hәftәdәn çox qalmarıq,
amma düz doqquz ay burada baş girәlәmәli olduq. Sәhәrlәr
yataqdan gec qalxmağa çalışırdıq, çünki onsuz da, bütün günü
heç nәylә mәşğul olmurduq. Üstәlik, Romada o qәdәr әzab-
әziyyәt görmüşdük, elә yorulmuşduq ki, ilk vaxtlar sutkanın
on iki-on dörd saatını yatırdıq. Yatağa erkәndәn girir, gecәlәr
oyanırdıq, sonra yenidәn yuxuya gedib, bir dә sәhәr ayılırdıq.
Ancaq yerimizdә qurcuxub, tәzәdәn yuxuya gedirdik. Hava
tamamilә işıqlananda isә pәncәrәdәn düşәn işıq gözümüzü
qamaşdırmasın deyә üzümüzü divara çevirib yuxulayır, yalnız
günortaya yaxın oyanırdıq. Ömrümdә bu qәdәr yaxşı
yatmamışdım; mәnә elә gәlirdi ki, yuxularım evdә bişirilәn
çörәk qoxusuna bәnzәr rayihәlәrlә süslәnib; nә yuxu görür, nә
dә hәyәcan keçirirdim. Hiss edirdim ki, dincәlirәm, әvvәlki
gücüm özümә qayıdır. Yol yorğunluğu, Konçettanın evindә
keçirdiyim günlәrin ağrı-acısı yavaş-yavaş canımdan çıxır.
Doyunca yatıb dincәlәndәn sonra yavaş-yavaş özümüzә gәlmәyә
başladıq, belә ki, bir hәftәdәn sonra artıq tamamilә dәyişildik:
gözümüzün altındakı qara lәkәlәr yox oldu, rәng-ruhumuz
yerinә qayıtdı, fikirlәrimiz aydınlaşdı. Yatağa uzananda mәnә
elә gәlirdi ki, çoxdan tәrk edib getdiyim doğma torpaq mәni
yenidәn öz ağuşuna alıb isidir, mәnә güc verir. Sanki torpaqdan
çıxarılmış bitkini yenidәn öz yerinә әkmisәn – bitki güc
toplayıb tumurcuqlamağa, çiçәklәmәyә başlayır. Bax belә!
Axı biz insan deyilik, bitkiyik, daha doğrusu, insan olmağına
insanıq, amma daha çox bitkiyik – bütün gücümüzü doğulub
boya-başa çatdığımız torpaqdan alırıq; bu torpağı tәrk edib
getdikdә isә nә insan oluruq, nә bitki, sadәcә külәyin oyan-
buyana sovurduğu zibilә çevrilirik.
102