Page 399 - Sholom_Aleyhem_Макет 1
P. 399
Südçü Tevye
niyә ağarıb? İnanın, xoşbәxtlikdәn deyil, әziz dost... dәrdim
özümә yetәr! Gizlәtmәyin nә mәnası? Xalqımızın da başı
dәrddәdir! Çәtin dövrandır! Yәhudilәr üçün il ildәn pis gәlir!
Bilirәm, nә fikirlәşirsiniz. Tamam başqa mәsәlә barәdә
düşünürsünüz: yәqin, yadınızdadır, bir dәfә Fәlәstinә yola düşәndә
vidalaşmışdıq, indi isә oradan sağ-salamat qayıtmışam. Sәfәrim
barәdә tәәssüratları soruşursunuz? Rahil ananın türbәsindәn,
müqәddәs mağaradan vә digәr әziz yerlәrdәn sizә salam gәtirmişәm.
Әgәr dünyanın möcüzәlәri barәdә eşitmәk istәyirsinizsә, diqqәtlә
qulaq asın. Bir daha әmin olacaqsınız ki, insan ağılsız mәxluqdur,
Allah böyükdür vә dünya onun iradәsiylә idarә olunur...
İndi camaat Tövratın hansı hissәsini oxuyur? “Vә çağırdı”
bölmәsini? Mәn isә tamam başqa fәsli oxuyuram: “Dәf ol!” Eh,
mәnә “Dәf ol!” dedilәr. “Tevye, ölkәndәn, doğulduğun torpaqdan,
ömür sürdüyün kәnddәn dәf olub hansı cәhәnnәmә istәyirsәn,
get” – söylәdilәr! Bu sәtirlәri mәnә oxuyanda Tevye artıq zәif,
tәnha bir qoca idi, necә ki duada deyilir: “Qoca vaxtında bizi tәrk
etmә...”
Üzr istәyirәm, hadisәlәri qabaqladım, az qala, unutmuşdum
ki, söhbәtә lap әvvәldәn başlamalıyam, axı sizә hәlә Fәlәstindәn
danışmamışam. Ölkәyә söz yoxdur! Bizim Müqәddәs kitabda
deyilir: “Südün, yağ-balın axdığı torpaq”. Ancaq dәrd burasındadır
ki, Fәlәstin orada qaldı, mәn isә, gördüyünüz kimi, buradayam.
Esfir haqqında dastanda deyilәnlәr, görünür, mәnә aiddir: “Qeyb
olmaq qismәtimdir vә qeyb oluram”, – hәmişә uğursuzluğa düçar
olmuşam, elә bu cür dә ölәcәyәm. Mәnә elә gәlirdi ki, bir ayağım
orada, yәni hәsrәtini çәkdiyim ölkәdәdir, sadәcә bilet alıb gәmiyә
minmәk qalırdı! Amma sәn saydığını say, gör fәlәk nә sayır?
Böyük kürәkәnim – Anatovkadakı dәrzi Motl Kamzol, sizdәn
uzaq, dünyasını dәyişdi! Sağlam idi, gecә yatdı, sәhәr oyanmadı!
Әslindә, Motla “sağlam adam” demәk düzgün olmazdı. Zavallıda
sağlamlıq nә gәzir? Sәnәtkar idi, gecә-gündüz Allaha dua edirdi!
Әlindә iynә-oymaq, üzr istәyirәm, şalvar tikirdi. Axırda vәrәm
tapdı, öskürәk onu әldәn saldı, ciyәrlәri zay oldu. Nә hәkim, nә
keçi südü, nә dә ballı şokolad kömәyinә çatdı. Yaxşı oğlan idi,
düzdür, savadlı deyildi, amma sadәliyi ilә seçilirdi! Balaları üçün
399