Page 350 - Sholom_Aleyhem_Макет 1
P. 350
Şolom Aleyxem
Ürәyim sakitlәşdi. “Allaha min şükür, – düşündüm, – faciә
sovuşdu, bundan da pis ola bilәrdi, demәli, ümid var...”
– Hara gedirsәn? Bir ata kimi bilmәyә haqqım var…
– Onun yanına.
– Onun? İndi haradadır?
– Hәlәlik hәbsxanada, – qız cavab verir, – amma tezliklә
sürgünә göndәrәcәklәr.
– Demәli, onunla vidalaşmağa gedirsәn? – özümü sadәlövh
kimi göstәrirәm.
– Yox, onunla gedirәm.
– Axı hara? Gedәcәyin yerin adı nәdir?
– Hәlә mәlum deyil, – deyir, – amma uzaqdadır, çox uzaqda...
Mәnә elә gәlir, Qodl bu sözlәri iftixarla deyir, sanki oğlan elә
bir iş görüb ki, onu bir pud ağırlığında medalla tәltif etmәk
lazımdır! Nә deyim? Doğma övladından belә sözlәr eşidәn ata
әsәbilәşmәli, qızını şillәlәmәli, necә deyәrlәr, dәrsini vermәlidir!
Amma Tevye arvad deyil. Hesab edirәm ki, әsәbilәşmәk şeytan
әmәlidir… Hәmişәki kimi, yenә dә Müqәddәs kitabdan surәlәr
oxuyuram.
– Qızım, görürәm, Allahın әmrini yerinә yetirirsәn. Kitabda
belә yazılıb: “Bu sәbәbdәn tәrk edir...” Perçikә görә ata-ananı
qoyub uzaq ölkәlәrә, kimsәsiz yerlәrә, donmuş dәnizin sahilindәki
torpaqlara gedirsәn. Hansısa kitabdasa oxumuşam ki, bir vaxtlar
Makedoniyalı İsgәndәr gәmi ilә bu dәnizә sәyahәtә çıxıb, uzaq
adaların birindә vәhşi insanlarla üzlәşib...
Bunu yarıciddi, yarızarafat deyirәm, amma ürәyim qan ağlayır.
Tevye, sәn arvad deyilsәn, döz! Tevye dә, Qodl da ruhdan
düşmür. Ümumiyyәtlә, övladlarım tәlәsmәdәn, hәr şeyi götür-
qoy edәrәk danışmağı bacarır.
Başımı aşağı dikib gözlәrimi yumsam da, qızımın çöhrәsini
görürәm. Üzgün siması ay kimi solğundur, mәnә elә gәlir,
qәhәrdәn sәsi bir qәdәr batıb, hәm dә titrәyir. Bәlkә, boynunu
qucaqlayıb yalvarım ki, getmәsin? Bilirәm, xeyri yoxdur!
Qızlarımın başı batsın! Әgәr birinә bәnd oldularsa, qurtardı,
350