Page 347 - Sholom_Aleyhem_Макет 1
P. 347

Südçü Tevye

          şalvarının üstündәn sallayıb, kürәkәnlә pıçıldaşır... Fikirlәşirәm:
          “Tevye, gözünü aç, yaxşı bax, deyәsәn, at oğrusu, cibgir, quldur,
          ya da saxta pulkәsәnlәrin arasına düşmüsәn…”
             Qodlla Boyberikdәn qayıdarkәn dözmәyib kürәkәnin dostları
          barәdә düşündüklәrimi qıza söylәyirәm. Gülmәkdәn uğunur,
          mәni inandırmağa çalışır ki, onlar namuslu, lәyaqәtli, xeyirxah
          insanlardır, özlәrini fikirlәşmәyib, bütün hәyatlarını başqalarına
          hәsr edirlәr...
             – Köynәkli oğlan, – deyir, – çox varlı ailәdәndir! Yequpetsdәki
          valideynlәrindәn bir qәpik dә almaq istәmir!
             – İşә bax! Lap möcüzәdir! – deyirәm. – Gözәl oğlandır,
          amma köynәyinә müvafiq uzun saç saxlayıb әlinә qarmon alsaydı,
          ya da it gәzdirsәydi, çox yaxşı görünәrdi!
             Bütün acığımı qızın, kürәkәnin üstünә tökürәm... Bәs qız
          özünü necә aparır? Guya dediklәrimi anlamır: mәn deyirәm,
          damdan-dama, o isә bәmdәn-bәmә! Xalqın rifahından, fәhlәlәrin
          güzәranından dәm vurur!
             – Sizin rifahın, fәhlәlәrin mәnә nә dәxli? – deyirәm. – Niyә
          hәr şeyi altdan-altdan, gizli görürsünüz? Belә bir mәsәl var:
          “Örtülü bazar, dostluğu pozar...” Mәnә düzünü de: Fefer hara vә
          nә üçün getdi?
             – Nә istәyirsәn, soruş, amma bunu yox! – cavab verir. –
          Yaxşısı budur, heç soruşma! İnan, vaxtı çatanda bilәcәksәn!
          Allah qoysa, bәlkә dә, tezliklә çox yaxşı xәbәrlәr eşidәcәksәn!
             – Amin! – deyirәm. – Allah elәsin! Sözlәrin bal kimidir!
          Amma әmәllәrinizi heç düşmәnә dә arzu etmirәm!
             – Mәsәlә ondadır ki, bizi başa düşmürsәn! – cavab verir.
             –  Yәni, o qәdәr müәmmalı işdir? Gәrәk ki, mәn, Allahın
          kömәyi ilә, daha dolaşıq mәsәlәlәrdәn baş çıxarıram...
             – Bunu ancaq ağılla, dәrrakә ilә anlamaq olmaz, – deyir, –
          gәrәk qәlbinlә duyasan...
             Qızım Qodl danışdıqca sifәti alışıb-yanır, gözlәri parıldayır.
          Lәnәtә gәlәsiz,  Tevyenin qızları! Әgәr qarşılarına mәqsәd
          qoyublarsa, onları heç cür yollarından döndәrmәk olmaz!





                                                              347
   342   343   344   345   346   347   348   349   350   351   352