Page 341 - Sholom_Aleyhem_Макет 1
P. 341
Südçü Tevye
O vaxtdan dostum, demәk olar, hәr gün bizә gәlirdi. “Dәrslәrini”
hazırlayandan sonra asudә vaxtında söhbәt üçün mәnә baş çәkirdi.
İndi bunun necә “dәrs” olduğunu tәsәvvür edin. İlahi, keç
günahımdan, bizdә әn varlı adam belә “müәllimә” ayda üç
rubldan artıq vermir. Üstәlik, “müәllim” varlı adama gәlәn
teleqramları oxumalı, mәktub yazmalı vә bәzәn tapşırıqlarını
yerinә yetirmәk üçün ora-bura qaçmalıdır... Niyә dә qaçmasın?
Müqәddәs kitabda yazılıb: “Bütün canını vә qәlbini qoymalısan” –
yediyin çörәyi alın tәri ilә qazanmalı vә onun qәdrini bilmәlisәn...
Oğlan çox vaxt bizdә nahar edirdi. Әvәzindә dә qızlarımla
mәşğәlә keçirdi. Ailәmizin sevimli üzvünә çevrilmişdi. Uşaqlar
onu südә qonaq edir, qarım isә kirli paltarlarını yuyurdu. Onu
“Fefer” çağırırdıq, doğma hesab edirdik. Hamının hörmәtini
qazanmışdı, ürәyiaçıq, sadә, hiylәgәrlikdәn uzaq oğlan idi, ayrı-
seçkilik salmırdı... Amma xoşuma gәlmәyәn bir cәhәti vardı:
sәbәbsiz-filansız itib-batırdı. Perçik qәfildәn çıxıb gedirdi, indi
onu tap görüm, necә tapırsan? “Ay bala, harada idin?” Balıq kimi
ağzına su alıb susur... Sizi bilmirәm, ancaq sirr saxlayan adamdan
xoşum gәlmir. Müqәddәs kitabda yazılıb: “Nә bilirsәnsә, onu
söylә!” Yaxşı cәhәti dә vardı: danışmağa başladısa, üzünü görmә!
Dili başına bәladır! Allaha, onun yerdәki elçisinә qarşı çıxırdı,
amma daha çox yerdәki elçini topa tuturdu... Planları qorxulu,
mәnasız, ağlasığmaz vә baş-ayaq idi. Mәsәlәn, dediyinә görә,
varlıları, ümumiyyәtlә, adam saymaq düzgün deyil, yoxsullar
isә, әksinә, zәngin vә hörmәtli adamlardır, torpağın duzudur,
çünki alın tәri ilә halal çörәk qazanırlar, hәr şeyin başlıca meyarı
isә әmәkdir.
– Hәr halda, – deyirәm, – bütün bunları pulla müqayisә
etmәk olmaz.
Özündәn çıxıb mәni inandırmağa çalışır ki, pul dünyanın әn
böyük bәlasıdır. Deyir ki, yer üzündәki bütün bәlalar puldan irәli
gәlir, ümumiyyәtlә, bizim zәmanәdә әdalәt axtarmağın mәnası
yoxdur. Nümunәlәr gәtirir, misallarla sübut etmәyә çalışır, lakin
mәni belә sәfeh vә mәnasız şeylәrә inandırmaq çәtindir.
341