Page 336 - Sholom_Aleyhem_Макет 1
P. 336
Şolom Aleyxem
dillәnir. – Onun axırı pis olacaq, qızınız Seytlә isә yazığım gәlir!
O alçaqla üç hәftәdәn çox yaşaya bilmәyәcәk. Üç hәftәdәn sonra,
gecә gәlib onun boğazından, yapışacağam, bax belә!..” Frume-
Sora boğazımdan yapışıb var gücü ilә mәni boğmağa başladı...
Әgәr mәni vaxtında oyatmasaydın, cәhәnnәmә göndәrәcәkdi...
– Tfu, tfu, tfu! – arvadım üç dәfә tüpürdü – Qoy bunların
hamısı suya batsın, yerә girsin, çardaqda yox olsun, meşәdә
azsın, tәki bizә, uşaqlarımıza toxunmasın! Bütün bәlalar qәssabın
başına gәlsin! Cәhәnnәmdә yansın! Motl Kamzol dәrzi olsa da,
qәssab onun dırnağına da dәymәz. Madam ki, Motl әmim Mordxe -
nin adını daşıyır, demәli, әsl dәrzi deyil... Sәn bir işә bax,
rәhmәtlik nәnәm tәbrik üçün o dünyadan zәhmәt çәkib gәlib,
qoy onun dediyi kimi dә olsun! Allah xeyir versin! Amin!
Uzun sözün qısası, o gecә adyalın altında uzanıb gülmәkdәn
özümü güclә saxlayırdım... Duada deyildiyi kimi: “Allahım,
mәni qadın yaratmadığın üçün sәnә minnәtdaram!”, – arvad elә
arvad olaraq qalır. Mәlum mәsәlәdir ki, bir gün sonra evdә nişan
oldu, çox keçmәmiş dә toy, işi yubatmadıq! Allaha şükür, cavanlar
yaxşı dolanır. Oğlan dәrzilik edir, Boyberikә gedir, bir bağdan
digәrinә keçir, sifariş götürür, qız isә gecә-gündüz çalışır: bişir-
düşür, yır-yığış edir, su daşıyır. Zәhmәtlә bir parça çörәk qazanırlar.
Mәn dә imkanım daxilindә hәrdәn süd, qatıq, pul-para ilә
kömәklik göstәrirәm. Qızdan soruşsan, deyәcәk, Allaha şükür,
yaxşı dolanırıq, tәki Motlun canı sağ olsun! İndiki gәnclәr belәdir
dә, nә etmәk olar?
Hәyatın qanunudur: uşaqları boya-başa çatdırırsan, onlardan
ötrü özünü oda-közә vurursan, balıq kimi suda çapalayırsan!
Amma yenә öz bildiklәrini edirlәr. Nә deyirsәn, de, ancaq bizim
uşaqlar çox fәrasәtlidir!
Deyәsәn, bu dәfә başınızı çox ağrıtdım. Qınamayın mәni,
sağ-salamat qalın, işiniz avand olsun!
336