Page 338 - Sholom_Aleyhem_Макет 1
P. 338
kimi: “Çöhrәsi ilә adamı bihuş edir”, – qız deyil, qızıldır. Qodl
çox ağıllıdır: yәhudi vә rus dillәrindә yazıb-oxuyur, kitab әlindәn
düşmür. Yәqin, sizi belә bir sual maraqlandırır: necә ola bilәr ki,
Tevye yağ-pendir satır, qızı isә kitabla yatıb-durur? Bu sualın
cavabı elә mәni dә düşündürür. İndiki gәnclәrin çoxu, ifadәmә
görә üzr istәyirәm, geymәyә tuman tapmır, amma tәhsilә böyük
hәvәs göstәrirlәr. “Pasxa dastanı”nda deyildiyi kimi: “Hamımız
özümüzü müdrik sayırıq”, – hamı oxuyub savadlı olmaq istәyir...
Soruşmaq lazımdır: nәyi öyrәnirsiniz? Oxumaq nәyә gәrәkdir?
Onsuz da, oxumuş gәnci heç yerә yaxın buraxmırlar! Amma nә
fayda? Gecә-gündüz acgözlüklә oxuyurlar! Tәhsilә can atan
kimlәrdir? Sәnәtkarlar, dәrzilәr, çәkmәçi uşaqları! Yequpetsә, ya
da Odessaya gedib gecәqondularda yaşayır, әllәrinә köhnә-kürüş
nә düşdü yeyir, aylarla әt xörәyinin üzünә hәsrәt qalırlar. Altı
nәfәr dar otaqda qalır, acından milçәk tutur, bulka ilә dolanır,
amma dünya veclәrinә deyil, tәki oxusunlar!
Nә isә, belә cavanlardan biri bizim evә ayaq açıb. Çәlimsiz
oğlandır, qonşuluqda yaşayır. Atasını tanıyırdım, kasıb adam idi,
papiros satıb birtәhәr ailәsini dolandırırdı. Amma mәsәlә bunda
deyil. Kasıbçılığın üzü qara olsun! Bizim böyük alimimiz Loxnan
Qasandler ayaqqabı yamamaqla çörәkpulu qazanırdı vә bunu
şәrәf sayırdı. Mәncә, bu oğlan da atasının papiros satmasından
utanmamalıdır. Lakin bir mәsәlәni anlaya bilmirәm: bu dilәnçinin
oxuyub savad qazanmaq nәyinә lazımdır? Doğrudur, oğlanın
ağlı başındadır, lakin fәrasәtsizdir. Adı Perçikdir, onu yәhudicә
“Fefer” adlandırırıq. Çubuğa oxşayır, arıq, qarayanız – amma
ağzından dürr tökülür!
Bir dәfә bütün malları – bir araba pendir, yağ, xama vә digәr
mәhsulları Boyberikdә satıb evә qayıdıram. Yolboyu, hәmişәki
kimi, ürәyimdә dünyanın qәribә işlәrini götür-qoy edirәm, göz
dәymәsin, şad-xürrәm, qayğısız ömür sürәn Yequpets varlılarını
xatırlayıram, sonra da özümә baxıram. Hә, bu da mәn: gecә-
gündüz әllәşәn uğursuz Tevye, bir dә at! Hәyatım belәcә mәhv
olub gedir…
338