Page 295 - Sholom_Aleyhem_Макет 1
P. 295
Südçü Tevye
sevimli mәşğuliyyәti: bulka ilә qәhvә! Bir parça çörәklә siyәnәk
balığı necә, xoşunuza gәlmir?” Lәnәt şeytana, gözümün önündәn
getmir: burnumda qәhvә qoxusunu, ağzımda yumşaq bulkanın
dadını duyurum – lәzzәt!..
– Reb Tevye, – qadınlar mәnә müraciәt edir. – Qaranlıq
meşәdә dayanmaqdansa, bizi arabaya mindirin. Sizә zәhmәt,
bizi evimizә, Boyberikә aparın. Razısınız?
– Salamәleyküm! – deyirәm. – Mәn Boyberikdәn qayıdıram,
sizә isә ora getmәk lazımdır! Necә olsun?
– Fәrqi nәdir? – cavab verirlәr. – Hәr dәrdin çarәsi var! Әgәr
bizi, Allahın kömәyi ilә, sağ-salamat evә çatdırsanız, nә biz
әziyyәt çәkәrik, nә dә siz...
“Bunlar mәnimlә, deyәsәn, tarabar dilindә danışırlar! –
fikirlәşirәm. – Eyhamlarını anlamaq olmur!” Bu vaxt nәdәnsә
ağlıma ölülәr, küpәgirәnlәr, cin vә şeytanlar gәlir. Düşünürәm:
“Axmaq! Niyә durub gözlәrini döyürsәn? Dırmaş qozlaya, atı
qırmancla, sür get dә!” Amma qәfildәn qәrarımı dәyişirәm:
– Di minin arabaya!
Söz ağzımdan çıxar-çıxmaz, qadınlar cәld arabaya minirlәr...
Mәn dә qozlaya әylәşirәm, dişlәni çevirib atı qırmanclayıram:
“Hә! Çәr dәymiş, tәrpәn! Getdik!” Amma, nә fayda? At deyir ki,
öldürsәn dә, yerimdәn tәrpәnmәrәm! Fikirlәşirәm: “Hә... İndi
qadınların kimliyi mәlum oldu! Kül başına, kim sәni mәcbur etdi
ki, yolun ortasında dayanıb söhbәtә girişәsәn!..”
Başa düşürsünüz? Hәr tәrәf meşә, sükut, qaranlıq düşür,
qarşımda isә qadın qiyafәsindә iki mәxluq... Mәni fikir aparıb!
Yadıma meşә yolunda bir kisә vәlәmir görәn arabaçı düşdü. Kişi
tәk gedirmiş, tәnbәllik etmәyib aşağı enir, ağır kisәni güclә
qaldırıb arabaya qoyur vә sürüb gedir. Bir verstdәn sonra әlini
atır, kisә yoxdur! Hanı kisә, hanı vәlәmir? Baxır ki, arabada
saqqallı keçi uzanıb. Arabaçı әlini uzadıb ona toxunmaq istәyәndә,
keçi dilini bir qarış çıxarıb qәhqәhә çәkir vә qeyb olur!
– Niyә tәrpәnmirik? – sәrnişinlәr soruşur.
– Niyә? Görürsünüz dә! At dәbәrmәk istәmir, nәsә, hәvәsi
yoxdur!
295