Page 13 - Sholom_Aleyhem_Макет 1
P. 13
Gimnaziya
Yaz gәldi, oğlum imtahana girdi, bu dәfә “iki” yox, “dörd”
vә “beş” qiymәtlәrlә qayıtdı. Böyük xoşbәxtlik! Sevincin hәddi-
hüdudu yox! Tәbriklәr! Amma tәbrik etmәyә tәlәsmәyin, çünki
uşağın gimnaziyaya qәbul olunub-olunmadığını yalnız avqustda
bilәcәyik. Niyә indi yox? Gedin onlardan soruşun. Әlac nәdir?
Alışmaq lazımdır...
Bәli, avqust gәldi. Görürәm arvad özünә yer tapmır, inspektorun
yanından müdirin otağına, müdirin yanından inspektorun otağına
qaçır.
– Yenә nә baş verib? – soruşuram. – Tәlәyә düşmüş siçan
kimi nә vurnuxursan?
– Necә yәni nә vurnuxursan? Göydәn düşmüsәn? Bilmirsәn
ki, indiki zәmanәdә gimnaziyalarda faiz mәsәlәsini necә fırladırlar?
Doğrudan da! Qәbul etmәyiblәr! Niyә? Çünki iki dәnә “beş”
almayıb. Әgәr iki “beş” alsaydı, bәlkә, qәbul olunardı! Başa
düşürsünüz dә – “bәlkә”! İşә bir bax! Hәlә onu demirәm ki,
arvadım nә oyun çıxartdı. Amma uşağa yazığım gәlir! Zavallı,
uzanıb üzünü yastığa sıxıb, zır-zır ağlayır.
Nә başınızı ağrıdım, uzun çәk-çevirdәn sonra tәzә müәllim
tutmalı olduq, hәmin gimnaziyanın tәlәbәsi idi, başladıq uşağı
ikinci sinfә hazırlaşdırmağa. Amma başqa yolla, çünki ikinci
sinif sizә zarafat gәlmәsin. Burada riyaziyyat vә qrammatikadan
başqa, coğrafiya, yazı qaydaları, sonra, canım sizә desin, әşi, heç
bilirәm ki!.. Bir tәrәfdәn dә baxanda, vallah, bütün bunlar qara
qәpiyә dә dәymәz! Sizi inandırıram, Talmudun istәnilәn traktatı
bütün bu elmlәrdәn çәtindir, bәlkә dә, dolaşıqdır... Çarә nәdir?
Alışmışıq...
Dәrs oxumaq da bir şey deyilmiş: yuxudan oyandın – al
kitabı әlinә! Dua etdin, bir tikә yedin – dәrs oxu: bütün günü
ancaq dәrs, dәrs... Gecәyә qәdәr ancaq onu eşidirsәn ki, uşaq
“isimin adlıq halı, yiyәlik halı”, “toplanan-çıxılan” deyir. Adamın
qulaqları yara olur. İştaha nә gәzir? Yuxun da әrşә çәkilir. Gör
günahsız tifilә heç nәdәn necә әzab veririk!
– Uşağa, – deyirәm, – rәhm edin, ona yazığınız gәlsin. Axırda
xәstәlәnәcәk!
13