Page 107 - Sholom_Aleyhem_Макет 1
P. 107
Yetmiş beş min
xәbәrlәri gözdәn keçirirәm: güllәlәnib... dar ağacından asılıb...
qanına qәltan edilib, ingilislәr, burlar… 1
Xәbәrlәr bir qulağımdan girib, o biri qulağımdan çıxır.
İngilislәrdәn mәnә nә? Ya da burların dәrdini çәkmәk mәnә
qalıb? Dәrdim özümә bәsdir! Kisәlәrim әldәn gedib, ay kişilәr,
kisәlәrim! Qoy dünyanın bütün ingilislәri vә burları cәhәnnәm
olsun! Hәmin anlarda belә düşünürdüm, bәlkә dә, ümumiyyәtlә,
heç nә fikirlәşmirdim. İkinci sәhifәyә baxıb üçüncü sәhifәni
çevirirәm: tiraj! Ağlımdan bir fikir keçdi: bәlkә, biletim, heç
olmasa, beş yüz rubl udub? İndi, bu kisә әhvalatından sonra belә
uduş lap yerinә düşәrdi. Beş yüz rublluq uduşlara baxıram –
yoxdur! Min rublluq – yoxdur! Beş minlik, sәkkiz minlik, on
minlik әlbәttә ki, yoxdur! Yetmiş beş min rubla qәdәr bütün
uduşları nәzәrdәn keçirirәm. Yetmiş beş min rublluq uduşlara
çatıb tanış rәqәmlәri görәndә ağlım başımdan çıxır: seriya 2289,
nömrә 12! And içirәm ki, mәnim biletimin nömrәsidir! Kimin
ağlına gәlәr ki, bәxtsiz adamın qismәtinә belә iri uduş düşsün?
Yenidәn diqqәtlә rәqәmlәrә baxıram – ilahi, biletdәki ilә eynidir!
Bәli, özüdür ki var! Durub oturmaq istәyirәm, bacarmıram!
Sanki mәni divana yapışdırıblar. Qışqırıb Sipoyranı çağırmaq
istәyirәm, alınmır, elә bil ağzım qıfıllanıb! Var gücümü toplayıb
qalxıram, yazı masasının siyirtmәsini açıb, dәftәrimdәki rәqәmlәrlә
tutuşdururam. Bәli! Hәqiqәtәn, nömrәlәr eynidir: seriya 2289,
nömrә 12!..
– Sipoyra! – arvadı sәslәyirәm, әllәrim әsir, hәyәcandan
dişlәrim bir-birinә dәyib şaqqıldayır. – Bilirsәn, oğurlanmış
kisәlәr tapıldı...
Arvadım gözlәrini bәrәldib mәnә baxır.
– Dәli olmusan? Nә danışırsan?
– Yәni demәk istәyirәm ki, Allah kisәlәrin hamısını qaytardı,
üstәlik, faizi ilә birlikdә... Biletimiz bir kisә pul udub!
1 Söhbәt 1899–1902-ci illәrdәki İngilis-bur müharibәsindәn gedir.
İngiltәrәnin imperializm dövründә apardığı ilk müharibәlәrdәn biri.
Afrikanın bur respublikaları – Narıncı vә Transvaal respublikalarına
qarşı keçirilmiş hәrbi kampaniya
107