Page 105 - Sholom_Aleyhem_Макет 1
P. 105
Yetmiş beş min
Qazandığım pulları verib xeyli kisә aldım vә anbara yığdım.
Allah yenә mәndәn üz çevirdi, oğrular qıfılı sındırdılar. Pasxa
yenicә bitmişdi, aprelin otuzundan mayın birinә keçәn gecә,
biletlәrin uduş tirajının keçirildiyi gün anbardakı bütün kisәlәri
oğurladılar vә yenә dә qәpiksiz qaldım.
– Sipoyra, – arvadıma deyirәm, – sәnә bir xәbәr çatdırmaq
istәyirәm. Bilirsәn, yenә lüt qaldıq!
– Necә yәni lüt qaldıq?
– Anbarı silib-süpürüblәr, bir dәnә dә kisә qalmayıb!
– Başa düşmәdim, – gözlәrini döyә-döyә baxır. – Bәs kisәlәr
hara qeyb oldu?
– Kisәlәrin, – cavab verirәm, – hamısını gecә aparıblar!
Yenә qiyamәt qopdu, arvadım bağırmağa, ah-nalә içindә göz
yaşı tökmәyә başladı. Qadınların hamısı belәdir dә! Ona deyirәm:
– Sakit ol, Sipoyra, çığır-bağır salıb alәmi başımıza yığma.
Allah nә elәdiyini yaxşı bilir. Әgәr evimiz yansaydı, küçәdә
çılpaq qalsaydıq, yaxşı olardı?
– Mәnә ürәk-dirәk verәnә bax! – arvadım sakitlәşә bilmir, –
niyә bizim kisәlәr oğurlanmalıdır?
– Bunun yanğına nә dәxli? – deyirәm. – Cin ayrı, şeytan
ayrı! Sözlәrimi yadında saxla: baxarsan, kisәlәr tapılacaq...
– Hardan tapılacaq? – arvadım donquldanır. – Xox, oğrular
qorxdular sәndәn! Eşidәndә ki, adın Yankev-İosldır, zağ-zağ
әsәcәklәr! Kisәlәri qaytarıb yerinә qoyacaqlar! Ay-hay! Sәfeh-
sәfeh danışma!
– Eh, arvad! Sәndә ağıl deyilәn şey yoxdur! Hәr şey Allahın
әlindәdir, biz bәndәlәr nәkarәyik ki?..
Hәqiqәtәn dә, belә idi. Kisәlәrin izi-tozu da qalmamışdı,
sanki buxarlanmışdı. Kisәlәri gördüm deyәn tapılmadı. Dәli kimi
vurnuxurdum, polisin qabağına düşüb bütün künc-bucaqları әlәk-
vәlәk elәmişdim, axtarmadığım siçan deşiyi qalmamışdı... Çox
nahaq! Әziyyәt mәnә qaldı! Bu gün tapılar, sabah üzә çıxar! Ay
tapdın a... Başa düşürsünüz, ya yox? Başım şişib, qәlbim qaralıb,
boğazım quruyub... Dayanmışam bazarda, bizim birjada, aptekin
yanında, günortaya az qalır, birdәn beynimdәn bir fikir keçir:
105