Page 100 - Sholom_Aleyhem_Макет 1
P. 100
YETMİŞ BEŞ MİN
Hәr xırda, әhәmiyyәtsiz şeyә “cәncәl”, “qalmaqal” deyirsiniz?
Әşi, köhnә adәtinizdir, hәyatda qarşınıza bir çәtinlik çıxan kimi
adını “qalmaqal” qoyub birtәhәr yola verirsiniz. Bәs mәn yazıq
nә edim? Başıma gәlәnlәrә nә ad qoyum? Açığı, heç özüm dә
bilmirәm. Allah bu dünyanı, yәhudi xalqını yaratdığı gündәn
hәlә belә cәncәl, qalmaqal görünmәyib! Hәtta deyәrdim ki,
kimsәnin yuxusuna da girmәyib belә bir şey! Vaxtınız varsa,
xahiş edirәm, yaxın әylәşib sәbirlә dinlәyin, bu yetmiş beş min
әhvalatını әvvәldәn-axıra, nöqtә-vergülünә qәdәr danışım. Ürәyim
doludur, içim özümü yandırır, çölüm özgәni! Demәsәm, ölәrәm!
Danışıb ürәyimdәki tikanı çıxarmalıyam!.. Başa düşürsünüz, ya
yox? Yalnız bir ricam var: söhbәti yarımçıq kәssәm, ya da
çәrәnlәyib mövzudan kәnara çıxsam, mәni dayandırın, qoymayın
hәtәrәn-pәtәrәn danışım. Çünki yetmiş beş min әhvalatından
sonra, sizdәn iraq, başımda uğultu әmәlә gәlib, hәrdәn yaddaşım
itir, ağzımdan çıxan kәlmәni xatırlaya bilmirәm... Başa düşürsünüz,
ya yox?.. Zәhmәt olmasa, deyin, sizdә yetmiş beş min olmaz?
Tfu! Çaşdım! Demәk istәyirdim ki, papirosunuz var?
Qısa vә konkret, harda qalmışdıq? Hә, yetmiş beş mindә...
Bu il mayın birindә, bәndәniz, yәni mәn, yetmiş beş min manat
uddum. İlk baxışdan adama elә gәlir ki, burda qәribә nә var?
Bәyәm pul udan tәkcә mәnәm? Mәsәlәn, deyirlәr ki, Nikolayevdәn
kimsә on min udub! Ya da odessalı bir gәnc – hansısa kontorda
mühasib işlәyir – qırx min rubl udub, heç cınqırını da çıxarmır,
sakitcә yaşayır özü üçün... Düzdür, bütün dünya böyük uduşların
eşqi ilә yaşayır, әgәr bәxtin gәtirsә, yüz otuz altı milyon adam
sizә hәsәd aparacaq! Başa düşürsünüz, ya yox?.. Amma mәsәlә
burasındadır ki, uduşdan uduşa fәrq var. Mәnim uduş tarixçәmi
qәribә adlandırmaq olar – çox qarışıqdır, qurdaladıqca işin içindәn
iş çıxır, bir hadisә bitmәmiş digәri baş verir... Mәsәlәnin mahiyyәtini
başa düşmәk üçün gәrәk hövsәlәnizi basıb diqqәtlә qulaq asasınız.
100