Page 91 - anderson_Макет 1
P. 91
Macәra
Ned Kari sevdiyi qızın bu qәtiyyәtindәn, bu sәrbәstliyindәn
çox tәәccüblәnmişdi. Elisin bu sözlәri ona çox tәsir etmişdi.
İndiyә qәdәr o, Elisi ancaq sevgilisi kimi qәbul edirdi, indi
isә Ned Elisi qorumaq, onun qayğısına qalmaq istәyirdi.
– Әzizim, sәn nә danışdığını bilmirsәn, – o demişdi, – axı
sәn özün dә yaxşı başa düşürsәn ki, mәn heç vaxt sәni belә şey
elәmәyә qoymaram. Orda bir iş tapıb, bir az pul qazanandan
sonra qayıdacam. Sәnsә hәlәlik burda qalmalısan. İnan mәnә,
bu, ikimiz üçün dә әn yaxşısı olacaq.
Vaynzburqu tәrk etmәzdәn әvvәl burda keçirdiyi son axşamında
Ned Kari son dәfә Elislә görüşdü. Onlar bir saata yaxın bütün
küçәlәri gәzib-dolaşdılar, sonra isә Vesley Moyerin mağazasından
götürdüklәri faytonla kәnd yolları boyunca gәzmәyә davam
elәdilәr. Buludsuz, apaçıq sәmada dopdolu bir ay yollara işıq
saçırdı vә bu ay işığında indi onlardan heç biri bir kәlmә dә söz
deyә bilmirdi. Gәnc oğlanın kәdәri onun bütün cәsarәtini әlindәn
almışdı. O, Elislә necә davranmalı olduğunu da unutmuşdu.
Onlar Vayn çayının aşağılarına qәdәr uzanan uzun, yamyaşıl
bir çәmәnliyin yanında faytondan düşdülәr vә әl-әlә tutub sevgili
kimi gәzmәyә başladılar. Gecәyarısı şәhәrә qayıdanda ikisinin
dә kefi kök idi. Onlara elә gәlirdi ki, bu gecә baş verәnlәrin
möcüzәli gözәlliyini heç nә korlaya bilmәz.
– İndi biz bir-birimizә daha da sadiq olmalıyıq, Elis. Nә olur-
sa-olsun, sevgimizә xәyanәt etmәmәliyik, – Ned Kari bu sözlәri
Elisin evi önündә axırıncı görüşlәrindәn sonra onu burada qoyub
gedәndә söylәdi.
Klivlenddә gәnc jurnalistin işlәri o qәdәr dә yaxşı getmәdi
vә o, qәrbә – Çikaqoya üz tutdu. Çikaqoda tәk olduğu vaxtlarda,
demәk olar ki, hәr gün Elisә mәktub yazırdı. Sonra tezliklә şәhәr
hәyatına qapıldı, özünә tәzә dostlar tapdı, getdikcә yeni hәyatında
yeni maraqlar onu daha çox cәlb etmәyә başladı. Çikaqoda onun
qaldığı evdә bir neçә başqa qadın da yaşayırdı. O qadınlardan
biri Nedin xoşuna gәlirdi vә Ned artıq Vaynzburqdakı Elisi
unutmuşdu. Hәmin ilin axırında Ned daha mәktub yazmağı da
dayandırmışdı vә yalnız bircә dәfә, tәk qaldığı günlәrin birindә
şәhәr parklarında gәzişdiyi vaxt ay işığının eynәn o gecәdәki
91