Page 51 - anderson_Макет 1
P. 51

Möminlik

             Bentlilәr ailәsi Cessidәn bir neçә nәsil öncә Şimali Ohayoda
          mәskunlaşmışdı. Onlar bu yerlәrә Nyu Yorkdan gәlmişdilәr vә
          kәndin tәzә, qiymәtlәrin ucuz olduğu vaxtlarda özlәrinә torpaq
          sahәlәri almışdılar. Mәrkәzi Amerikadakı çox insanlar kimi onlar
          da uzun müddәt kasıb hәyat sürmüşdülәr.  Aldıqları torpaq
          sahәlәrindә sıx ağaclar әkilmiş vә hәr tәrәf kolluqlarla, kәsilmiş
          odunlarla örtülmüşdü. Uzunmüddәtli ağır tәmizlik işlәrindәn,
          ağacların kәsilmәsindәn sonra hәlә dә bәzi yerlәrdә kötüklәr
          qalmışdı. Kotanlar әrazini şumlayarkәn tez-tez yerin altındakı
          ağac köklәrinә, iri daşlara ilişirdi. Çökәk yerlәrdә çox vaxt su
          yığılıb qalırdı vә nәticәdә taxıl da hәlә heç düzәmәlli böyümәmiş
          saralır, solur vә tezliklә quruyub gedirdi.
             Cessi Bentlinin atası vә qardaşları bu torpaqların sahibliyini
          әllәrinә alanda artıq әrazinin tәmizlәnmәsi işlәrinin böyük qismi
          görülmüşdü, amma onlar hәlә dә köhnә әnәnәlәrә sadiq qalaraq
          axşamacan әziyyәtlә işlәyirdilәr. Onlar hәmin dövrün әksәr
          fermerlәrinә xas hәyat tәrzi sürürdülәr.  Yazda vә qışın әksәr
          vaxtlarında  Vaynzburq şәhәrinә aparan geniş yollar palçıqla
          örtülürdü.  Ailәnin dörd kişisi axşamacan tarlalarda ağır işlә
          mәşğul olur, süfrә başında yağlı yemәklәrdәn artıqlamasıyla
          yeyir, gecәlәr dә samandan düzәldilmiş yataqlarında yorğun hey-
          vanlar kimi yatırdılar. Qaba vә sәrt hәyatları onların özünü dә
          hәr mәnada kobud elәmişdi. Şәnbә günlәri axşamüstü oturmağa
          cәmi üç yeri olan faytonu atlara qoşur vә şәhәrә gedirdilәr.
          Şәhәrdәki mağazalarda sobanın әtrafına toplaşaraq başqa fermerlәrlә,
          mağaza sahiblәriylә uzun-uzun söhbәtlәşirdilәr. Çox vaxt әyinlәrindә
          kombinezon olardı. Qışda isә qalın kürk geyinәrdilәr vә kürklәrinin
          aşağı hissәlәrindә palçıq lәkәlәri gözә dәyәrdi. Sobanın istisinә
          uzatdıqları qızarmış әllәrinin çatlaq-çatlaq olduğu asanca hiss
          edilәrdi. Onlar danışmağa çәtinlik çәkdiklәri üçün әksәr vaxtlarda
          heç nә demәdәn sakit-sakit oturardılar. Ev üçün gәrәkli olan әt,
          un, qәnd, duz vә digәr әrzaqları aldıqdan sonra  Vaynzburq
          meyxanalarının birinә gedәr vә pivә içәrdilәr. Gәrgin fiziki
          әmәyin tәzyiqi altında hәmişә cilovlayıb saxladıqları coşqun
          xarakterlәri bu vaxtlarda içkinin tәsiri ilә özünü büruzә verәrdi.
          Kobud, heyvani vә şairanә bir çılğınlıq onların әhvalına hakim
          kәsilәrdi. Evә qayıdarkәn faytonda ayağa qalxar vә ulduzlara

                                                                  51
   46   47   48   49   50   51   52   53   54   55   56