Page 36 - "Yolüstü söhbət"
P. 36
Qocanın özündən bədgüman olmağı ona gülməli gəlirdi.
– Onda gərək məhkəmələrdə peşəkar canilər işləsin.
– Bəlkə də elə olmalıdı. Özünü yaxşı tanımasan, başqasını
başa düşə bilməzsən. Özünü tanımaqsa mümkün deyil.

O, kinayə ilə:
– Yaxşı sözdü, – dedi, özümüzü tanımaq mümkün
deyil, deməli, heç kimi də tanımayacağıq.
Qoca əlini keçəlinə çəkdi.
– Mən belə fikirləşirəm. Bu gün inandığım adam sabah
üzümə tüpürsə, təəccüblənmərəm.
– İndidən özünüzlə dəsmal gəzdirin.
Qoca gülə-gülə əlini atıb cibindən dəsmal çıxartdı.
– Sizə də məsləhət görürəm.
– Məsləhətinizə görə sağ olun.
– Onda xudahafiz. – Qoca ayağa durmuşdu. – Ləzgi
qonağı kimi yedim, içdim, daha burda nə işim. Görürəm,
siz də yatmaq istəyirsiniz.
– Hə, yatmaq istəyirəm.
Daha qocanın necə getdiyindən xəbəri olmamışdı, amma
onu iki gündən sonra kafedə gördü. Başı, deyəsən, möhkəmcə
ağrıyırdı, tez-tez alnını qırışdırırdı, gicgahlarını ovurdu.
Ağrıdan qıyılmış gözləri boşluğa baxırdı, dodaqları hərdən
tərpənirdi, öz-özünə danışandan çox, nəsə oxuyana oxşayırdı.
Sonra çöhrəsində göz yaşı göründü, dodaqları titrəyə-titrəyə,
səssizcə, hamıdan xəbərsiz ağlayırdı. Bəlkə ağladığından
heç özünün də xəbəri yoxdu.
Qocanın kefli olduğunu sonra bildi. Nəyə görəsə qoca
tələsik getmək istəyirdi, amma ayaq üstə dura bilmədiyindən
səndələyib təzədən oturdu. Bir də durmaq istəyəndə sürüşüb
döşəməyə yıxıldı, elə yıxıldığı yerə də qusdu. Nə qədər
kefli olsa da, qoca özünü hələ unutmamışdı, görməsinlər

36
   31   32   33   34   35   36   37   38   39   40   41