Page 426 - "Yeni söz"
P. 426
nc yazarların ədəbiyyat almanaxı

Bu öləziyən işıq damcıları döşəməyə qədər gəlib çatmırdı.
İki metr uzunu olan bu ensiz otaqda dörd metr hündürlükdən süzülən işıq şüasına
sarılıb yaşamaq üçün nəfəs də tapır insan.
Səsi batsa da, içində hayqırırdı Ka. Öz-özünə “Mən günahkar deyiləm, mən qatil
deyiləm” cümlələrini təkrarlayır, dişlərini dişlərinə sıxır, başını yumruqlayırdı.
Divarın dibində cücərmiş ot göründü gözünə. Çiçək açmışdı bənövşəyi rəngdə.
Sürətlə böyüyürdü. Sonra ot Sofiyə çevrildi. Saçları bənövşəyi çiçəklər, damarları
budaqlar...
Kəpənəklər uçuşurdular Sofinin əllərində...
Sonra kəpənəyə çevrildi Ka. Sofinin əllərinə qondu.
Nəzarətçi Patrik qapını açanda Ka sidik gölməçəsinin içində çöməlib tavandan
süzülən işıq şüasını tutmağa çalışırdı. Əlləri havada uçuşur, gülümsəyirdi.
– Professor, sənə nə oldu birdən-birə. Bədbəxt, elə bilirsən dəli kimi ölsən, cənnətə
düşəcəksən?
– Mən, mənim... Patrik, mən günahsızam. Mən qatil deyiləm.
Kamerada heç kim yox idi. Divarın dibində cücərmiş ot da yoxa çıxmışdı.
– Sənin dostların özlərini yaxşı aparmadı, professor. Hündürboy saqqallını zorlamaq
istəyib dünən. O da sənin qələmini götürüb soxub onun gözünə. Bütün otaq qan
içindəydi. Biz gələndə çoxdan ölmüşdü. Bilirsən, elə dünən əmr gəlmişdi ki,
hündürboyun güllələnmək qərarı on beş illiklə əvəz olunsun. Saqqalını da apardılar o
dünyaya yola salmağa.
Ka anlaqsız vəziyyətdə çarpayının üstünə çökdü.
Sonra otağa kəpənəklər doluşdu.
Səmada çuqun rəngli bulud topaları göründü.
Sonra yağış yağmağa başladı.
Yağış damcıları yerə düşdükcə döşəmədən bənövşəyi güllər çıxırdı.
Sonra Sofi qırmızı güllü donuyla çəmənlikdə qaçmağa başladı. Kəpənəklər də onun
dalınca uçuşur, getdikcə gözdən itirdilər.
Sofi göyqurşağının üstünə çıxıb əlləriylə buludlara toxunurdu.
Patrik və Linqstoun hərəsi Kanın bir qoluna girib kameradan çıxardılar.
Ka göyqurşağının üstündə, Sofinin ardınca gedirdi.
Sofi bir bulud topasını ona tərəf itələdi, o da Sofiyə qaytardı.
Sonra bulud topası dağıldı.
İçindən kəpənəklər çıxıb Sofinin əllərinə qondular.
Ka qırmızı rəngin üzərinə düşən günəş şüasından tutub yellənməyə başladı.

426
   421   422   423   424   425   426   427   428   429   430   431