Page 430 - "Yeni söz"
P. 430
nc yazarların ədəbiyyat almanaxı

– Bəli, bəli. Elədir. Mən Bakı-Astara avtobusunun sürücüsüyəm. Öz maşınımdı yəni.
Sürürəm. – Pianoya söykənib arada bir-iki cümlə deməklə kifayətlənən ər həvəslə
dilləndi.

– Oğlunuz haqqında yaxşı bir məqalə yazaram, bundan arxayın ola bilərsiz.
Məqaləni lazımi yerlərə göstərərsiz. Ümid edək, oğlunuza şəhid adı verərlər.

– O, vuruşub… – Ağsaçlı qadın danışmaq istədi.
Arzunun anası səbirsizcə onun sözünü kəsdi:
– Sizdən bircə şey istəyəcəm. Məqaləni yazaram. Başqa heç nə lazım deyil. Bircə
məni Astaraya aparın. Yoldaşınız məni Astaraya aparsın. Mən orda atamla
görüşməliyəm. Onunla heç vaxt görüşməmişəm.
– Əlbəttə, əlbəttə, bundan asan nə var? Əlbəttə, Rasim sizi Astaraya aparar…
Oğlu ölən qadın qapı çırpılana qədər arada nəsə danışır, sonra bu sözləri təkrar
edirdi.
...Külək tamam kəsmişdi. Hava ilıqlaşmışdı. Ayaqlarının altında qalan qar həvəslə
xırçıldayırdı. Arzu dodaqlarına tarım çəkilmiş badımcanı şərfi araladı:
– Niyə atanı görməmisən?
Anası qızının qəfil sualına çoxdan hazırlaşıbmış kimi dərhal dedi.
– Bu, çoxdan olub. Mən doğulmamışdan qabaq. Bizi qoyub gedib. Qaçıb.
Səhər obaşdan yola düşdülər. Avtobusun qapısı açılan kimi, Arzu özünü sol
tərəfdəki birinci oturacağa atdı. Sürücü – oğlu ölən kişi Arzunun anasına izah elədi ki,
o oturacaq bir tanışı üçün ayrılıb. Arzu qaşqabağını sallayıb ikinci oturacağa keçdi.
Ağaclar sürətlə arxada qalır, sanki hər dayanacaqda səsi avtobusu başına götürən
müğənni daha bərkdən oxuyurdu. Avtobus Salyanda dayandı. Anası dedi ki, Arzu istəsə,
tualetə gedə bilər. Qız ehtiyacı olmadığını dedi. Onda anası ətrafda gəzişməyi tövsiyə
elədi, Arzu avtobusun ensiz pilləkəni ilə çölə çıxmazdan qabaq onun şərfini boynuna
bərk bağlayıb-bağlamadığını yoxladı.
Arzu ağacların arasında gəzişir, əlcəyi ilə gövdələrə yapışmış ilbizləri sivirib yerə
tökürdü.
– Buna yaşamaq demək olmaz. O, günü-gündən pisləşir. Ağlı gedir. Beyni pozulub.
Dəhşətli dərəcədə çox danışır. O, harda jurnalist görür oğlumuzdan yazmağını istəyir,
adamı tutub evə gətirir. Sonra uzun-uzadı danışır…. Dözmək olmur. Guya şəhid adı
versələr nə olacaq? Bu nə təsəllidi uydurub özü üçün?! Qazandığım jurnalistlərin cibinə
gedir. Evdə məqalə əlindən tərpənmək olmur. Mən dözə bilmirəm. Buna kimsə dözməz.
Qaçmaq istəyirəm. Baş götürüb qaçmaq…
Arzu ağacların arasında duran adamlara baxdı. Sözlər sürücünün ağzından çıxırdı.

430
   425   426   427   428   429   430   431   432   433   434   435