Page 322 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 322
XX əsrin Norveç hekayələri
bağçadan keçib qapının zəngini çaldı. Qapıdan lövhə asılmışdı:
“Abrahamsen, yevangelist cəmiyyətinin üzvü”. Deməli, o da
müəyyən mənada ticarətçidi. Qapını əynində ağ yaxalıqlı tünd
paltar olan, saçını boynunun arxasında yığmış yaşlı bir xanım
açdı. Qadın soyuqdan büzüşdü.
Qaradinməz xanımlardan idi. Yössenin hərarətlə danışdığı
sözlərə üzündə zərif təbəssüm, səbirlə qulaq asırdı. Ulisa xala
və onun donuzları barədə danışandan sonra Yösse hirsləndi
və artıq öz təxəyyülünün məhsulu olan hekayələr qurub-
qoşmağa başladı. Əmisi oğlu, guya Kragerdə yaşayan nənəsi
haqqında uydururdu... Maraqlıdı, bu qadın hələ uzun zaman
belə büzüşüb dayanmaq fikrindədi? Fırça lazım olmadığını
demək bu qədər çətindi yəni? Onun alış-veriş həvəskarı
olmadığı belə də bəlli olur. Hansısa anlaşılmaz bir hiss bunu
Yösseyə pıçıldayırdı.
Qadın arıq əllərini köynəyinin altında gizlədirdi. Gözlərində
həminki mülayım səbir ifadəsi vardı.
– Sizin əcəb natiqlik qabiliyyətiniz var, gənc dostum, –
qadın sakitcə dedi. – Heyif ki, bu qabiliyətinizi Allahın yolunda
sərf eləmirsiniz. Hərçənd fırça satmaq heç də şeytana qulluq
eləmək demək deyil, düz deyirəm? Niyə ayaq üstə qalmısınız?
322 Keçin içəri, xahiş edirəm.
Yösse özünü itirmiş halda, ayaqları dolaşa-dolaşa qadının
ardınca evə girdi. Beləliklə, qəsəbəyə gəldiyindən bəri ilk dəfə
bütün “dərsini” danışıb qurtarmış, hələ üstəlik, özündən
əlavələr də eləmişdi. Amma bihudə. O artıq üzr istəyib get -
məyə, bu evdən qaçmağa hazırdı, amma bu vaxt qadın qəfil -
dən dedi:
– Sizdən bir neçə fırça alaram, gənc dostum. Güman elə -
yirəm ki, karıma gələr. Ən əsası, siz özünüz mənim xoşuma
gəlirsiniz. Fırça satıcısı olmasaydınız, həyatda nələrə nail ola
bilərdiniz. Amma hələ də gec deyil. Yadda saxlayın: hələ ki, gec
deyil!
Xanım yan otağa keçir və əlində qalın kitabla qayıdır. Yös -
senin oturduğu yellənən kreslonu divana tərəf itələyir,
məhrəm adam kimi ona sarı əyilir: