Page 272 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 272
XX əsrin Norveç hekayələri
– Sən get kəndiri gətir, mən əşyaları yerbəyer eləyərəm! –
dükan sahibi ucadan danışırdı, sanki hamıya eşitdirmək
istəyirdi. Birte yenə Sveni xatırladı. “Nəsə düzgün deyil”, –
istər-istəməz fikirləşdi.
Çölə çıxanda gördülər ki, oğlan saman taylarını ocağa
atmağa hazırlaşır.
– Neynirsən? – Birte səsini başına atıb qışqırdı. O, saman
tayından yapışıb özünə sarı çəkəndə oğlan hırıldamağa
başladı.
– Mənə tapşırıblar ki, onları yandırım.
“Qoy yandırsın, – Birte fikirləşdi, – mənə nə, özləri bilər.
Mənim pulumu versinlər!” Amma birdən-birə hər şey ona
aydın oldu. Dükan sahibinin sifəti gözləri önündə canlandı.
Başa düşdü ki, sahib niyə onu kəndirin arxasınca göndərib?
İstəyirmiş Birte bilsin ki, ona saman lazım deyil! Birte saman
taylarından gözünü çəkə bilmirdi. Yalnız indi fərqinə varmışdı
ki, taylar çox balacadır, xüsusən də Siqvalın götürdüyü tay.
Onları şəhərə gətirənəcən cəhənnəm əzabı çəkmişdilər, indi
isə gözləri önündə yandırırdılar. Belə çıxırdı ki, Birte dilənçi
payını, ona məxsus olmayan əşyaları götürüb evə qayıtmalıdır.
Hirsindən dodaqlarını gəmirməyə başladı, qəfildən saman
272 taylarının hərəsini bir əlinə götürüb bağırdı:
– Rədd ol, onları yandıra bilməzsən!
Qapıya çatanda fikirləşdi ki, gərək belə etməyəydi, amma
artıq geriyə yol yox idi.
– Ərzağı götürmədiniz! – dükan sahibi başını çölə çıxarıb,
onların arxasında səsləndi.
“Onları şəhər kənarında bir yerə qoyarıq” – bazarın
içindən keçib-gedərkən fikirləşdi. Xurma qutusunu xatırlayır,
Siqvalla kəlmə kəsməyə qorxurdu. Amma Siqval cınqırını da
çıxarmırdı, nənəsinə irad tutmaq fikrində deyildi: nəhayət, evə
qayıtdıqları üçün sevinirdi.
Birazdan onların yanında bir araba dayandı. Bu, bayaq
saman satan oğlan idi. O, arabada oturub, ayaqlarını yelləyirdi.
– Sata bilmədiniz? Çox təəssüf!