Page 250 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 250
XX əsrin Norveç hekayələri
zirzəmini xatırladırdı, sonuncu odun parçasını dünən saat
səkkizdə sobaya qoymuşdu.
Siqvalla şəhərə gedəndən sonra qızlar neyləyəcək? Anaları
ilə birlikdə yataqda uzanıb gözləməli olacaqlar. Tunettenin halı
yoxdu qalxıb sobanı yandırsın. “Heç həvəsi də yoxdur”, – Birte
fikirləşdi. Yan otaqda öskürək səsləri kəsilmirdi.
O, birtəhər yataqdan qalxıb geyinməyə başladı. Çətini
qalxıb geyinmək idi. Çox yavaş, ehtiyatlı hərəkət etmək
lazımdır, aşağı əyilən kimi ayaqlarında və belində dəhşətli
ağrılar baş qaldırır, qışqırmamaq üçün dişini-dişinə sıxmalı
olur. Corablarını min bir əziyyətlə geydi. Geyinib qurtardıqdan
sonra özünü nisbətən yaxşı hiss etməyə başladı, kəskin ağrılar
küt sızıltıya çevrildi.
Otaqdan mətbəxə vur-tut bir neçə addım idi, axşamdan
çırpı hazırlayıb, sobanın yanına qoymuşdu. Yanan kibrit
çöpünü yaxınlaşdıran kimi çırpı alışdı, qırov bağlamış pəncərə
sobanın zəif işığında bərq vurmağa başladı. O, qırovu
dırnağıyla qaşıyıb, ulduzlu göy üzünə baxdı. Hava sakit idi.
Qorxurdu ki, hava qəfildən dəyişər. Külək qalxsa, çöllük
ərazidən keçib, saman tayını şəhərə çatdırmaq çətin olacaq.
Yan otaqda Tunette bərkdən inildəməyə başladı. Uşaqlar
250 vaxtsız oyanmasın deyə Birte onun yanına tələsdi. Uşaqlar
analarının ayaq tərəfində, divarın yanında yatırdılar. O,
uşaqların üstünü yaxşı-yaxşı örtüb, Tunette tərəfə çevrildi.
Tunette belini çarpayının başlığına söykəyib oturmuşdu.
Vərəmdən arıqlayıb çöpə dönmüş gəlinin qara saçları üzünə
dağılmışdı. Gözünü məchul bir nöqtəyə zilləmişdi. Mətbəxdən
sızan zəif işıqda gözləri, olduğundan böyük görünürdü.
– Nə olub? – Birte pıçıltıyla soruşdu və divardan asılmış
köynəyi götürüb, Tunettenin çılpaq ayaqlarını örtdü.
Qayınanasının ona zilləndiyini görən Tunette üzünü yana
çevirdi. Əlhavasına Bibliyanı axtarmağa başladı – kitab həmişə
çarpayının yanındakı dolabın üstündə olurdu.
– Lazım deyil, – Birte sərt səslə dedi, – hava işıqlaşanda
oxuyarsan.