Page 231 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 231
Leyf Arnold Holma
– Baba, bəs niyə ata burda yoxdu?
– Ata qalmalı oldu. Onu işə götürdülər.
– İndi biz daha onunla bir yerdə olmayacağıq?
– Yox.
Oğlan bir qədər fikrə gedib soruşdu:
– Bəs ata qalırdısa, onda biz niyə getdik?
– Bilmirəm, mənim balam. Bu qədər sual vermək lazım
deyil. Biz danışanda əsgərlərin xoşuna gəlmir. Danışmaq
olmaz, qadağandır. Nəsə demək istəyəndə yavaşdan soruş.
– Yaxşı.
Birazdan pıçıltıyla soruşdu:
– Əsgərlər bizə acıqlıdırlar?
Qoca başını tərpətdi.
– Niyə acıqlıdırlar ki? Axı biz onlara heç nə eləməmişik.
Mən dəcəllik eləmirdim, həmişə sözəbaxan olmağa çalışırdım.
Qoca yorğuncasına cavab verdi:
– Ona görə ki, biz dustağıq, onlar isə əsgərdilər, bizi
qorumalıdırlar.
Oğlan bir qədər fikrə gedib, sonra soruşdu:
– Bəs ata biz olan yerə gələcək?
– İndi yox. Bəlkə, haçansa başqa vaxt gəldi. Bu barədə
düşünmə. Biz onunla görüşəcəyik. 231
Qoca yavaşdan danışır, oğlanı sakitləşdirmək istəyirdi.
Amma oğlan zarıdı:
– Mən atamın yanına qayıtmaq istəyirəm.
– Olmaz, mənim balam.
– İstəyirəm.
– Olmaz! – qoca köks ötürdü. – Sən hamıyla bir yerdə
getməlisən. Yoxsa əsgərlər gəlib səni apararlar.
– Mən istəmirəm!
– Belə lazımdır!
Qoca oğlanın balaca əlini bərk-bərk sıxdı; oğlan sakitcə
ağladı.
– Ana hardadı?
– Göylərdə.