Page 156 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 156
XX əsrin Norveç hekayələri
Polis inspektoru düşündü ki, artıq onun işə qarışmaq
vaxtıdı. Bu qəbil höcət adamları yaxşı tanıyırdı. Belələrindən
həqiqəti – hakimiyyətin protokola qeyd eləmək istədiyi
həqiqəti kəlbətinlə çəkib almaq lazımdı. Amma əgər belə tərs
eşşəklər rast gəlirsə, o zaman ən başlıcası havadakı gərginliyi
azaltmaqdı. Səlahiyyət sahibləri ilə xalq arasındakı soyuqluğu,
gərginliyi aradan qaldırmaq üçün şahidə yaxınlaşmaq, onunla
səmimi olmaq, qəlbindəki sarı simə toxunmaq gərəkdi. İns -
pektor əsrarəngiz şəkildə baş mühəndisə göz vurdu, o da öz
növbəsində başını yırğaladı, mehribancasına:
– Yaxşı, dostlar, elə bilirəm bir siqaret çəkməyin vaxtı çatıb, –
dedi və stenoqrafçıya müraciət edərək – Yox, yox, bunu pro-
tokola daxil eləmək lazım deyil. Ha-ha-ha. – Sonra gərnəşərək:
– Fürsətdən istifadə edib bir az da dincələk, – dedi.
Komissiya üzvləri stullarında yayılıb, rahat nəfəs aldılar.
Polis inspektoru siqaret qutusunu növbə ilə hamıya uzatdı.
Nazirlikdən olan məmur “yox, sağ olun” – dedi və cibindən
tənbəki kisəsini, tütünü və qısa ingilis müştüyünü çıxartdı.
Adətən, belə təmtəraqlı, əyri müştüyü heç yerə tələsməyə
ehtiyac duymayan sanballı adamlar dəbdəbəli yazı masasının
arxasında oturub çəkirlər.
156 – Siqaret? – deyə inspektor şahidə müraciət elədi. – Bir az
irəli gəlib masaya yaxın oturun, – dedi və mehribancasına
gülümsədi.
Qaşqabaqlı və ehtiyatlı şahid stulu ilə birlikdə irəli gəldi və
kobud barmaqları ilə siqareti yöndəmsiz şəkildə qutudan
çıxartdı. İnspektor ona siqareti yandırması üçün masanın bu
başından alışqanı uzatdı və oğrun-oğrun onu süzdü. İşçi paltarı
geymiş güclü, irisümüklü, kürənsaçlı oğlandı. Günəşin və təmiz
havanın nə olduğunu bilməyən solğun, çilli sifəti vardı. Üzdən
ona 30–35 yaş vermək olardı. İnspektor istefada olan piyada
zabiti idi və bu tip insanları yaxşı tanıyırdı. Onlar sanki orduda
aşağı rütbə daşımaq, həyatda isə azmaaşlı işçi olmaq üçün
yaradılmışdı. Belələrinin beyni, cəld olmasa da, yaxşı işləyir,
əvəzində onlar çalışqan və zəhmətkeş olurlar. Həm də
tərsdilər.